Prokuror keçmiş MTN rəhbərini şəxsən döyüb - Ara qarışdı

Prokuror keçmiş MTN rəhbərini şəxsən döyüb  - Ara qarışdı

Eldar Mahmudovun Naxçıvandakı “görən gözü, eşidən qulağı” olmuş general Vəli Ələsgərovun işi ilə bağlı onu müdafiə edən vəkil Vüqar Xasayev yeni məlumatlar açıqlayıb.

Aktual.az xəbər verir ki, vəkil “Yeni Müsavat” qəzetinə açıqlamasında Naxçıvan MTN-nin keçmiş rəhbərinə qarşı yeni maddələrlə ittiham irəli sürüldüyünü deyib.

Belə ki, bundan əvvəl Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinə 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Mayın 24-də isə ona yeni ittihamlar irəli sürülüb. “308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova habelə telefon danışıqlarını qanunsuz dinləmə – 302.2 maddəsi ilə də ittiham elan olundu”-vəkil deyib.

Xatırladaq ki, Vəli Ələsgərovun Eldar Mahmudovun göstərişi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun və ailə üzvlərinin telefonlarını dinlədiyi, kompromat xarakterli materiallar toplayıb Bakıya ötürdüyü haqda daha əvvəl xəbərlər yayılmışdı.

Naxçıvan MTN-ə rəhbərlik edərkən öz qəddarlığı ilə tanınan, nazirliyin zirzəmisini işgəncə məkanına çevirən Vəli Ələsgov mart ayında həbs olunub, üç həftə sonra ev dustaqlığına buraxılıb. Ancaq aprelin 7-də yenidən təcridxanaya salınıb. Bir vaxtlar Naxçıvan MTN-ni əsl “gestapo”ya çevirən Vəli Ələsgərov həbs olunandan sonra vəkili vasitəsilə jurnalistlərdən və insan haqları müdafiəçisindən aman diləyib, hüquqlarının pozulmasından və işgəncələrə məruz qalmasından şikayətlənib.

Vəkilin danışdığına görə mayın 24-də Vəli Ələsgərov ona deyib ki, həbs olunan gün aprelin 7-də onu Naxçıvan Prokurorluğuna gətiriblər. “Orada müstəntiq Elşad İbrahimovun kabinetində Naxçıvan prokuroru Səbuhi Şahverdiyev onu şəxsən döyüb, təhqir edib”-vəkil deyib.

Bundan əvvəl vəkil bildirmişdi ki, Naxçıvan MTN-nin keçmiş əməkdaşları Vəli Ələsgərovla üzləşdirilib və onlar keçmiş nazirin üzünə tüpürüblər. Habelə V.Ələsgərovu həbsdə döyüblər, yaxınlarının və özünün milyonlarla dollarlıq əmlakını əllərindən alıblar.

// Aktual.az

Xəbər 6036 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR