Sosial media artıq gündəlik həyatın əsas elementlərindən biridir.
Buna görə də, sosial media hesablarımızda profil fotolarına çox əhəmiyyət veririk. Ən populyar sosial media şəbəkələrindən biri olan Facebook istifadəçilərə bir çox şey təklif edən, onlara uyğun profil yaratmaq və özlərini ailə, dostlar, fərdi xüsusiyyətlər vasitəsilə tanıtmaq imkanı yaradan bir şəbəkədir. Eynilə, Linkedin də iş dünyasındakı potensial əlaqələrin qurulmasına xidmət edən və sizin biznes mühitində profil yaratmağınıza şərait yaradan platformadır.
Texnoloji proseslər yeni norma və davranış qaydalarını da özü ilə bərabər inkişaf etdirdi. Davranışlarımızdan ibarət olan vizual media ünsürlərinin arasında ən əsas şey isə profil şəklimizdir. Başqalarının gördüyü ilk şey məhz bu fotodur. Şüurlu və ya şüursuz olaraq, başqaları üzərində yaratdığınız təsir də bu fotoşəklə bağlıdır.
İnsanlar arasındakı qarşılıqlı təsir əsasən qeyri-verbal ünsiyyətlə baş verir. Kompüter və ya başqa mobil cihazlar vasitəsilə insanlarla qarşılıqlı əlaqə qurduqda isə, üz ifadələri, səs tonu, jestlər, bədən dili, göz əlaqəsi, fiziki yaxınlıq kimi qeyri-verbal ünsiyyət faktorlarından məhrum oluruq. Halbuki, qarşımızdakı insanın niyyətini, qarşılıqlı təsir dərəcəsini, qəzəbli, sakit və ya nifrət dolu olub-olmadığını məhz bu amillər sayəsində anlaya bilirik. Virtual dünyada isə sizinlə danışan adamla bağlı qeyri-verbal ünsiyyət elementlərinə dair bir şey tapa bilmirsiniz. Qarşı nəfərdən aldığınız qarşılıqlı təsir, onun ümumi profilinin verdiyi mesajlara əsaslanır. Bu mesajların əsasını isə fotolar təşkil edir. İnsanlar kompüterlərin və mobil alətlər qarşısında çox vaxt keçirdiyi üçün, başqalarının profilinə baxaraq, onlar haqqında fikir yaratmağın yolunu kəşf ediblər. Açıq və ya qapalı məlumatlarına əsaslanan bu təəssüratların bir çoxunun da tutarlı olduğunu söyləmək mümkündür.
Profil şəkiliniz həm açıq, həm də qapalı məlumatları özündə ehtiva edir. Açıq məlumatlar kimi “şüurlu olaraq” fotonuzla çatdırmaq istədiyiniz şeyləri misal göstərmək olar. Məsələn, şlyapalı və ya başqasıyla birlikdə çəkilmiş bir fotoşəkil qoymusunuzsa, fotonuza baxanlar bunları məqsədli şəkildə etdiyinizi başa düşəcək. Profil fotonuz ilə qapalı məlumatlar da verə bilirsiniz. Məsələn, daima uzaq məsafədən çəkilən şəkillər özünüzə olan inamın aşağı olduğu kimi psixoloji məlumatlar verir. Başınızı yana əyib, gülümsəyirsinizsə, bağlılıq, sadiqlik mesajı verirsiniz. Yəni, qeyri-verbal ünsiyyət faktorları yoxdursa, bu məlumatlar sayəsində fotonuz vasitəsilə istədiyiniz təəssüratı yarada bilirsiniz.
Psychological Science’də dərc olunan tədqiqatda, bir nəfərin fotoları üzərindəki kiçik dəyişikliklər etməsinin də çox fərqli təəssüratlara səbəb olduğu müəyyən etmək mümkün olmuşdur. Kiçik bir dəyişiklik fotosunu gördüyünüz insanla vaxt keçirmək və ya ondan uzaqlaşmaq istəməyinizə səbəb ola bilir.
Bir neçə nümunəyə nəzər salaq. Ailə ilə çəkilmiş bir fotoşəkil, həmin adamın ailəsinə çox bağlı olduğunu və ya ailəsini havadar kimi gördüyünü bildirir. Eyni zamanda, o insanın həyatındakı ən mühüm şəxslərin də ailəsi və ya uşaqları olduğunu göstərir. İstifadəçi təbiət qoynunda və ya idman edərkən göstərən “aktiv” bir fotoşəkil qoyubsa, bu həmin adamın evdə oturan deyil, xarici dünyaya daha maraqlı biri olduğunu göstərir. Evlilik fotosunu istifadə edən bir insan, artıq böyüdüyü və həyatında irəliləyiş etdiyi mesajını verir. Hətta evlilik fotosunu profilində istifadə edənlər, bəzən bunu başqaları tərəfindən artıq subay olmadıqlarının bilinməsini istədikləri üçün edirlər. Özünə vurğun və ya eqoist xarakterdə olanlar isə, adətən bir dəb jurnalı üçün çəkilmiş formada göründükləri şəkillərə üstünlük verirlər. Özünə vurğun şəxslərin eyni zamanda sosial mediada çox fəal olduqları və özləriylə bağlı hər müsbət yeniliyi bölüşdükləri da araşdırmalardan əldə edilən digər nəticədir.
Bütün bunlardan əlavə, unutmamamlıyıq ki, seçdiyimiz profil şəkli platformaya uyğun olmalıdır. Məsələn, dəniz geyimində olan şəklinizi Linkedin profilinizə qoysanız, tamamilə qeyri-peşəkar görünəcəksiniz.