Problemli kreditlər ölkə iqtisadiyyatı üçün, sözün əsl mənasında, problemə çevrilib. Açıqlanan ən son statistika da qaytarılmayan borcların həcminin artdığını göstərir. Əsas çətinlik isə xarici valyutada olan kreditlərlə bağlıdır.
Anspress-in məlumatına görə, Azərbaycanda aprel ayında bu artım təkcə mart ayı ilə müqayisədə 55 mliyon manat və ya 4,13%-dir.
Əgər 2016-cı ilin yanvarında bu 1 mlrd 314 mln manata bərabər olmuşdusa, növbəti 4 ay ərzində qaytarılması sual doğuran borc artaraq 1 mlrd 381 mln manata çatıb. Problemli kreditlərin içərisində xarici valyutada olanlar üstünlük təşkil edir.
Mütəxəssisərin fikrincə, bunu doğuran səbəblərdən birincisi devalvasiyadır. Bu prosesdən sonra xarici valyutada olan kreditlərin manat ifadəsində məbləği artıb. İnsanların gəlirləri isə manatla olduğundan ödəniş qabiliyyəti pisləşib.
Digər tərəfdən isə kreditlər yüksək faizlə verildiyindən onu qaytarmaq çətinləşir. İqtisadçı Vüqar Bayramov təklif edir ki, banklar vaxtında böyük məbləğdə gəlir götürdükləri üçün indiki zərərin bir hissəsini öz üzərlərinə götürməlidirlər. Ümumilikdə problemli kreditlərdən azad olmaq üçün kompensasiya ödənilməsi labüdür.
Beynəlxalq reytinq agentlikləri də məsələnin həll olunmayacağı təqdirdə ilin sonuna problemli kreditlərin həcminin 20 faizə çatacağını proqnozlaşdırır. Bu isə təkcə əhalinin yox, həm də bank sektorunun ciddi probleminə çevrilə bilər.