Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün vaxtı hələlik məlum deyil.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir neçə gün öncə jurnalistlərə verdiyi açıqlamada prezidentlərin növbəti görüşü barədə dəqiq məlumatın olmadığını bildirib.
PA rəsmisi qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə iş aparırlar: "Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib, görüşü təşkil edəcəklər. Görüşün təşkil edilməsi lazımdır".
Xatırladaq ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.