Prezidentlər ilin sonuna kimi görüşməyə söz veriblər – Uorlik

Prezidentlər ilin sonuna kimi görüşməyə söz veriblər   – Uorlik

"Həmsədrlərin regiona son səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşəcəklərinə söz verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ilin sonuna kimi hər iki ölkə prezidentinin görüşməsi üçün hazırlıq aparır”.

Aktual.az-ın Apa-ya istinadən məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “armenpress”ə müsahibəsində deyib.

O, prezidentlərin görüşündə münaqişənin həlli üçün vacib olan elementlərin müzakirə olunacağına ümid etdiklərini bildirib: “Biz onları gərginliyi aradan götürmək, dinc sakinlər də daxil olmaqla itkilərdən yayınmaq üçün bu imkandan yararlanmağa çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatiyadan başqa alternativ yoxdur. Həmsədrlərin və tərəflərin iştirakı ilə aparılan danışıqlar olmasa, hərbi yolla həll təhlükəsi artar. Oktyabrda tərəflər dialoqu aktivləşdirməyə söz veriblər və ümid edirik ki, gözlənilən görüş bunun üçün yeni stimul olacaq”.

Həmsədr deyib ki, sülh yolu ilə həll uzun müddət münaqişədən əziyyət çəkən bu regiona sülh və çiçəklənmə gətirəcək: "Tərəflər bizim bu işdə rolumuzu qiymətləndirdikləri müddətdə həmsədrlər öz səylərini davam etdirəcəklər. Lakin son qərar prezidentlər verməlidirlər”.

Ceyms Uorlik ATƏT-in Monitorinq qrupunun və həmsədrlərin təmas xəttini keçən zaman baş verən insidentin qəbuledilməz olduğunu qeyd edib: "Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkünsüzdür və bu danışıqlar prosesini pozmaq üçün qəsdlə edilib. ATƏT müşahidəçiləri təmas xəttində və beynəlxalq sərhəddə təhlükəsizlik və stabilliyə şərait yaradaraq vacib funksiya həyata keçirirlər. Heç nə onların təhlükəsizliyinə təhdid yaratmamalıdır”.

Aktual.az

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR