"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması zərurəti ilə bağlı söylədiyi fikirlərin də böyük əhəmiyyəti var".
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.
M. Musayev xatırladıb ki, bu iclasdan dərhal sonra oktyabrın 19-da cənab prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi və Milli Məclis tərəfindən dərhal qəbul edilib: "Bu qanuna əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük və tarixi əhəmiyyət kəsb edir".
"Prezident İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanı da sahibkarlığın inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin imzaladığı fərman ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə istiqamətlənib. Fərmanda xüsusi razılıq (lisenziya) verilməsinin qaydaları müəyyənləşdirilib və Milli Məclisə təqdim edilmiş “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib. Bu fərmanla bir daha sahibkarlıq fəaliyyətinin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğu təsdiqləndi", - deyə M. Musayev qeyd edib.
O, əlavə edib ki, gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında prezidentin fərmanı da ölkə ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı sahəsində gündəlik qayğısının təzahürüdür.
"Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaqdır. Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Respublikanın qazandığı uğurlar dünyanın ən nəhəng reytinq təşkilatlarının və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illər beynəlxalq maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir. Bütün bunlar ölkədə aparılan iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq edir", - deyə M. Musayev əlavə edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, dövlət başçısı tərəfindən özəl sektorun inkişafına, sahibkarlara daim dəstək göstərilir: "Bu siyasətin davamı olaraq bu günlərdə Azərbaycan prezidenti tərəfindən "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında" fərman imzalanıb. Fərmana uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır. Eyni zamanda, həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin noyabrın 2-dən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbuluna qısa müddət ərzində başlanılması nəzərdə tutulur".
Nazir müavini bildirib ki, yaxın aylarda "Elektron lisenziya" portalı istifadəyə veriləcək və bununla da sahibkarlara lisenziyaların verilməsi prosesi tamamilə elektronlaşdırılacaq.
S. Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük sahəsində nəzarətin həyata keçirməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi, dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsi ilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiqi üçün koordinasiya Şurasının yaradılması kimi tədbirlərin də özəl bölməyə dövlət dəstəyi tədbirlərindən olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.
Konfransda şıxış edən sahibkarlar prezident İlham Əliyevin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.