Prezidentin köməkçisi və Qriqoryan birlikdə “Euronews”a müsahibə verib - VİDEO

Prezidentin köməkçisi və Qriqoryan birlikdə “Euronews”a müsahibə verib - VİDEO

Beynəlxalq tərəfdaşlarımızı sülh prosesini dəstəkləməyə çağırırıq.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə "Euronews”a müsahibəsində deyib.
"Brüsseldə Avropa İttifaqından olan dostlarımızın dəstəyi ilə görüşmək imkanımız oldu. O vaxtdan bəri ölkə rəhbərliklərinin göstərişi ilə konkret bir gündəlik üzərində işləyirik. O da budur ki, sülhü necə irəli apara və ixtilafları kənara qoya bilərik. Azərbaycan bu məsələdə özünün xoşməramını və təşəbbüsünü irəli sürüb. Erməni həmkarlarımızla və başqa kanallarla sülhü irəli aparmağın yollarını müzakirə edirdik. Strategiyamız Cənubi Qafqazı rəqabət bölgəsinə çevirmək deyil, onu əməkdaşlıq və tərəfdaşlıq arenasına çevirməkdir. Azərbaycan-Ermənistan sülh prosesi qlobal münaqişələr kontekstində ən azından bir uğur hekayəsidir. Bir münaqişə fəsli bitir. Biz bütün beynəlxalq tərəfdaşlarımızı, o cümlədən qlobal gücləri bu sülh prosesini dəstəkləməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycan və Ermənistan arasında geri dönüşü olmayan bir sülh əldə olunacaq”, Hikmət Hacıyev bildirib.
Armen Qriqoryan Azərbaycanla "etimad divarını inşa etməyə çalışdıqlarını” vurğulayıb: "Bütün münaqişələrdə tərəflər bir-birinə güvənmir. Amma biz buna doğru irəliləmişik. Məşhur mahnıda deyildiyi kimi, bu, müsbət mənada divarda yeni bir kərpicdir. Biz bu məqsədə doğru irəliləmişik, bu etimad divarını tikməyə çalışmışıq”.
Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi ölkələrin bir-birindən asılılığını artıracaq və sülhü gücləndirəcək, eləcə də hər iki ölkənin xalqları üçün iqtisadi faydalara yol açacaq: "Biz bu istiqamətdə irəliləyirik və Hikmət Hacıyevlə mənim burada - Dohada sizin studiyanızda yan-yana əyləşməsi buna bir sübutdur”.




Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR