Prezidentin köməkçisi: Rayonlar dövlətin dotasiyasından çıxmalıdır

Prezidentin köməkçisi:   Rayonlar dövlətin dotasiyasından çıxmalıdır

“Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz”.

Biz neftlə gələn pulla Azərbaycanın elmi potensialını da inkişaf etdiririk. Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq. Xarici ölkələrdə dövlətin hesabına təhsil alan nə qədər azərbaycanlı var. 

AKtual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.
 
Ə. Həsənov bildirib ki, dövlət bu gün xarici ölkələrə xeyli miqdarda kapital yatırıb: 

“Təkcə Türkiyə iqtisadiyyatına bizim qoyduğumuz və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən sonrakı dövrdə pul gətir gətirəcək. 

Biz Türkiyədə “Petkim” müəssisəsini özəlləşdirmişik. Türkiyə kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək. 

Gəlirlərimizin cüzi bir hissəsini həmin zavoda yönəltməklə, kimya məhsulları istehsal edəcəyik və çox böyük gəlir əldə edəcəyik. Dövlət Neft Şirkəti -  SOCAR bu gün dünyada əsas neft brendlərindən birinə çevrilməkdədir. Bu gün dünyanın müxtəlif ölkələrində özünün yanacaqdoldurma və neftayırma müəssisələrini yaradıb. Nəqliyyat-tranzit imkanları, bərə terminalları, gəmi zavodu və digər infrastruktur da Azərbaycan üçün çox böyük əlavə imkanlar yaradır. Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”.
 
Ə. Həsənov deyib ki, bütün bunlara rəğmən cənab prezident həm də ölkənin bütün daxili resurslarının işə salınması tələbini ortaya qoyub: "Məsələn, Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. 

Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır. Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz. Bağçılıq, meyvəçilik yerində tədarük olunsa, məhsul dünya bazarlarına çıxarılsa, rayon  nəinki özünü təmin edər, hətta dövlətin zəruri xərclərinin bir hissəsini də öz üzərinə götürə bilər. Bunun üçün bütün imkanlar var, bu imkanlar işə salınmalıdır. Yerli hakimiyyət strukturları insanlardan gələn təşəbbüsləri dəstəklənməlidirlər. Regional birliklər yaranmalıdır. Nə vaxta qədər insanlar 15-20 sot torpağını çəpərləyib ailənin  ehtiyacları üçün meyvə, tərəvəz yetişdirməklə kifayətlənəcəklər?! 

Artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü gedir ki, insan yalnız özü üçün lazım olanı eləməməlidir. Qubada 160 mindən çox əhali var. Dövlətin taxıl tədarükünə vəsait ayırmasını gözləmədən kənd təsərrüfatını inkişaf etdirib bu məsələni rayonun gücünə həll etmək olardı. Düzdür, Sahibkarlığa Yardım Milli Fondu tərəfindən verilən kreditlər hesabına Qubaya 20 milyondan artıq sərmayə yatırılıb. Təbii ki, bu da rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına təsir göstərib. Amma bu, yetərli deyil. 

Hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaş təşəbbüslərlə çıxış etməlidir. Neyləyək ki, biz özümüzü neft asılılığından qurtaraq? Biz sonrakı inkişafımızla bağlı daha nikbin, daha real nəticələri olan proqlamlarla çıxış etməliyik. Yəni necə edək ki, hər kəsin potensialından istifadə olunsun”. 

AKtual.az

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR