Prezidentin köməkçisi: "Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”

Prezidentin köməkçisi:

Ermənistan dövləti öz xalqını çoxdan və məqsədyönlü şəkildə aldadaraq onu öz maraqlarının girovuna çevirib. Lakin biri var öz xalqını aldadasan, biri də var ki, beynəlxalq ictimaiyyəti həyasızcasına aldadasan.

Aktual.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev Ermənistan tərəfinin Azərbaycanın atəşkəs rejimini birinci pozması və artilleriya, zirehli texnika və aviasiyadan istifadə edərək hücuma keçməsi ilə bağlı ittihamlarına dair sualı cavablandırarkən deyib.

Vahid Əliyev bildirib: “İş burasındadır ki, tərəfimizdən atəşkəs rejiminin pozulması elementar məntiqə sığmır. Ermənistan tərəfindən fərqli olaraq Silahlı Qüvvələrimizin arxasında dinc sakinlər sıx şəkildə yaşamağa davam edir. Ermənistan ordusunun vətəndaşlarımıza qarşı çoxsaylı, bəzən isə sərt təxribatları hamıya məlumdur. Sərhədyanı zonada toyun, çobanların, uşaqların, traktorçuların, kombaynerlərin atəşə tutulmasını, kənd təsərrüfatı sahələrinin yandırılmasını xatırlayın. Hamısını sadalayıb qurtarmaq olmaz. Bu artıq Ermənistan tərəfindən vərdiş halını almışdı və uzun müddət davam edə bilməzdi. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri iriçaplı artilleriya silahından sərhədyanı dinc kəndləri daha azğın və daha kobud formada atəşə tutma cəhdlərinə əl atdı. Dinc əhali arasında yenidən qurbanlar oldu. Bu cavabsız qala bilməzdi və cavabsız qalmadı da”.

Azərbaycan Prezidentinin köməkçisinin sözlərinə görə, təbii ki, gələcəkdə belə növ cəhdlərin qarşısını almaq və əhalini təhlükədən qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susdurmaq məcburiyyətində idi.

Vahid Əliyev deyib: “Bunun nə ilə qurtardığını bilirsiniz. Bir daha şəhidlərin ailələrinə başsağlığı vermək və silahlı qüvvələrimizin haqqını vermək istəyirəm. Ordumuz tərəfindən cavab tədbirləri zamanı Ermənistan tərəfində çaxnaşma, qaçış başladı və silahlı qüvvələrimiz ermənilərdən azad edilmiş yüksəklikləri tutdu. Azərbaycan tərəfi bu uzun davam edən münaqişənin sülh yolu ilə həllinin həmişə tərəfdarı olub. Qeyd etmək istəyirəm ki, biz münaqişənin sülh yolu ilə davam etdirilməsində deyil, sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Aydındır ki, Ermənistan rəhbərliyinin prinsipi hüququn gücdə olmasından ibarətdir. Onlar 90-cı illərin əvvəllərinin düşüncəsindən çıxmayıblar, necə həmin səviyyədə idilərsə, elə orada da qalmağa davam edirlər. Onlar müharibə siyasətilə, Azərbaycan və erməni xalqlarının qanı ilə hakimiyyətə gəliblər və elə qalmaqda davam edirlər və çox təəssüf ki, indiyədək müharibə prinsipinə əsaslanmağa davam edirlər. Əgər onlar bunu hələ də başa düşmək istəmirlərsə, onları başa salmağa məcbur etmək lazımdır ki, əgər hüquq gücdədirsə, gücümüz var. Və onlar yeni qurbanlar istəyirlərsə, bu ruhda da davam etsinlər, bizə yalnız bu məsələdə təəssüflənmək və işimizi görmək düşür”.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR