Prezidentdən torpaq sahələri ilə bağlı yeni SƏRƏNCAM

Prezidentdən torpaq sahələri ilə bağlı yeni   SƏRƏNCAM

Prezident İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Aktual.az-ın president.az saytına istinadən məlumatına görə, dəyişikliklərə əsasən, 188-i maddə aşağıdakı redaksiyada veriləcək:

“Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma

188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

188.4.1. təkrar törədildikdə;

188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

314-1-ci maddədə də aşağıdakı dəyişikliklər edilib:

“Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə

314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1.3. Bu Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Xəbər 1059 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR