Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: “Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi ilə başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.
Prezident İlham Əliyev ölkədə pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı tapşırıqlarını verərkən vurğulayıb ki, ölkəmizə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meleorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin də inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.
Dövlət başçısı ilin axırına qədər görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağının əminliyini ifadə edib.