Regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi həll olunmamış münaqişələrdir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Tbilisidə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından verilən rəsmi ziyafətdə çıxışı zaman deyib.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:
“Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildiriblər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır”.