Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Aktual.az xəbər verir ki, fərmanda qeyd olunur:
Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılır.
Fərmanla "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə" və "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin strukturu" təsdiq edilir. Mənzil İnşaatı Dövlət Agentliyinin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyən edilir.
Həmçinin fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi təsdiq edilir.
Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının müəyyən edilməsi, habelə Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:
- Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə:
- Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
- Cəmiyyətin tabeliyində hüquqi şəxs statuslu qurumların (törəmə və asılı cəmiyyətlərin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi;
- Cəmiyyətin icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
- Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin müşahidə şurasının seçilməsi;
- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
- bu fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
- Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə - Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə razılıq verilməsi hissəsində.
Müəyyən edilir ki, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə seçilir; "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələlərini və ödəniş şərtlərini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi müəyyənləşdirir.
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların tikinti işlərini aparacaq podratçılarla bağlanacaq müqavilənin yerinə yetirilməsinin təminatı məqsədi ilə işin smeta üzrə dəyəri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən edilən və podratçılarla bağlanılan müqavilədə əks olunan məbləğdə bank zəmanəti tələb edilir.
Nazirlər Kabinetinə ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsini təmin etmək; xüsusi və ya bələdiyyə mülkiyyətində olan və ərazi zonalaşdırılması və ərazi planlaşdırılması baxımından yaşayış zonalarına və ictimai-işgüzar zonalara aid edilən torpaq sahələrinin mülki-hüquqi müqavilə əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlətin xeyrinə əldə edilərək "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin təklifləri əsasında müəyyənləşdirmək; "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına çəkilməsi üçün tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılması, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatının dövlət büdcəsinin vəsaiti hesabına aparılmasını təmin edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi bu fərmanın 10.1-ci bəndinə əsasən "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilmiş torpaq sahələrinə aid müfəssəl plan olmadıqda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həmin planları hazırlayaraq təsdiq etməlidir; "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, bu fərmana əsasən yaradılmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı məsələləri aidiyyəti üzrə həll etsinlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.