Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında hökumətin fəaliyyətində ictimai nəzarətin təşkil olunmasının vacibliyini bir daha qeyd edərək bildirdi ki, ictimai fəallıq lazımı səviyyədə olmalı və nəzarət mexanizmləri tətbiq edilməlidir.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bildirib.
Məsələyə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov münasibət bildirərək bununla Prezidentin vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük bir məsuliyyət qoyduğunu qeyd etdi: “Əslində prezident hər zaman cəmiyyətin sıravi üzvlərinin ölkədə gedən proseslərdə yaxından iştirakının vacibliyini ön plana çəkib. Bu faktor həm də idarəçilikdə şəffaflığın əsas qarantı hesab olunur. Bundan başqa insanları narahat edən istənilən problem vaxtında və səmərəli həlli də məhz ictimai nəzarətin əsas funksiyalarından biridir. Hesab edirəm ki, ictimai nəzarət vətəndaş cəmiyyətinin bütün subyektlərinin – QHT, KİV, bələdiyyə, ittifaqlar, birliklar, qruplar, klublar və digər kateqoriyalarının nümayəndələrindən təşkil olunmalıdır.”
İşin daha effektiv və səmərəli qurulmasında konkret strukturlaşmış qurumun yaradılmasının vacibliyindən danışan S.Abbasov prosesdə innovativ bilik, bacarıqları olan vətəndaş cəmiyyətinin fəal üzvlərinin cəlb olunmasının vacibliyini qeyd etdi: “Hesab edirəm ki, “Azərbaycan Respublikası Prezidenti yanında İctimai Nəzarət Şurası”nın yaradılmasının tam zamanıdır. Bu qurum birbaşa olaraq ölkədə baş verən və baş verə biləcək bütün neqativ halların qarşısının alınması, mövcud problemlərin təhlili və həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Bundan başqa Şuranın tərkibində müxtəlif strateji istiqamətlər üzrə departamentlərin yaradılması və dövlət strukturlarında nümayəndəliklərinin yaradılması işin daha keyfiyyətli görülməsi ilə nəticələnə bilər. Belə bir qurum ən çətin, gərgin məqamlarda belə dövlətlə xalq arasında ciddi körpü rolunu oynaya bilər. Təsəvvür edin hər hansı bir regionda vətəndaş şikayətçidir. Bununçün vətəndaş 7-8 orqana məktub yazır və eyni zamanda hamsından cavab gözləyir. Bəzən isə şikayətlər aidiyyatı olmayan quruma yönəldilir. Şura rəsmi qurum kimi yaradılsa vətəndaşlar birbaşa şuraya müraciət etməklə həm hüquqi cəhətdən maariflənə, həm də öz probleminin həlli istiqamətində irəliləyişlər əldə edə bilərlər. Eyni zamanda interet və sosial medianın bu istiqamətdə qarşılıqlı fəaliyyəti də strateji məsələlərdəndir. Şuranın əsas informasiya qidası da məhz yeni media ola bilər. Bugün ölkədə devalvasiya ətrafında baş verən proseslər, cəmiyyəti yanlış istiqamətə yöndəlcədək informasiyaların yayılması “Azərbaycan Respublikası Prezidenti yanında İctimai Nəzarət Şurası”nın yaradılmasını zəruri edir”