Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının ilk iclası keçirilir.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla yaradılıb.
Fərman sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə imzalanıb.
Prezidentin digər fərmanı ilə Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiqlənib.
Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri, Prezidentin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi Feyruz Mustafayev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi Bəhram Məmmədli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi Nəsimi Məmmədov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Elturan Babayev, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri Süleyman Qəmbərov və İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Anar Əliyev Şuranın üzvləri təyin ediliblər.