Prezident xalçaçılarla söhbət etdi - Fotolar

Prezident xalçaçılarla söhbət etdi - Fotolar

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev xalça kombinatının açılışında iştirak edib.

AzNews.az xəbər verir ki, Dövlət başçısı görülən işlərlə tanış olub və kombinatın işçiləri ilə söhbət edib:

İşçilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz? İşlər necədir?

Mahnur Alıyeva: Möhtərəm cənab Prezident, bütün füzulililər adından Sizi salamlayırıq və Sizə təşəkkürümüzü bildiririk ki, bizə belə müəssisə, belə iş yeri açmısınız. Hazırda 160 nəfər qadın burada işlə təmin olunub. Gün o gün olsun ki, işğal altındakı torpaqlarımız qaytarılsın və orada belə müəssisələr açılsın, bizim qarabağlı qadınlar Qarabağ xalçaları toxuyub nümayiş etdirsinlər.

Prezident İlham Əliyev: Mən çox şadam ki, artıq "Azərxalça” fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim Sərəncamımla "Azərxalça” şirkəti yaradılmışdır. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda "Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək. Bu müəssisənin fəaliyyəti nəticəsində ildə neçə xalça istehsal olunacaq?

"Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov: Cənab Prezident, bu müəssisədə dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Ayda 251 kvadratmetr xalça istehsal olunacaq. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunulacaq. Biz üç ay ərzində burada tədris kursları təşkil etdik. Peşəkar ustalarımız bu kurslarda 160 nəfəri öyrətdilər. Bu yerlər bizə bir az azlıq edir. Biz düşünürük ki, filialları başqa yerlərdə də açmaq, genişləndirmək lazımdır.

Prezident İlham Əliyev: Bəli, genişləndirmək lazımdır.

Vidadi Muradov: Xalçaçılar çoxdur. Füzuli rayonunda 500-600 xalçaçı var.

Prezident İlham Əliyev: Bəli, onları da cəlb etmək lazımdır.

Vidadi Muradov: Biz istəyirik ki, hamısı xalçaçılıqla məşğul olsunlar və Azərbaycanın Qarabağ xalçaları dünyada nə qədər şöhrət tapıbsa, bu gün də bu Qarabağ xanımları, xalçaçıları ilə, cənab Prezident, Sizin də köməyiniz sayəsində yenə də dünyada öz şöhrətinə çatdıraq.

Prezident İlham Əliyev: Siz xalçaçılığı harada öyrənmisiniz?

Röya Abbasova: Bura mənim ilk iş yerimdir. Sağ olsun müəllimlərimiz, onlar öyrədiblər. İndi işə başlayırıq. Çalışırıq ki, öyrəndiklərimizi işdə tətbiq edək. İstəyirik ki, xalçalarımız yaxşı alınsın.

Prezident İlham Əliyev: Çox yaxşı. Mən gənc qızları görürəm və bizim peşəkar ustalarımız öz təcrübələrini onlarla bölüşəcəklər. Bəs siz bu vaxta qədər harada işləyirdiniz?

Mahnur Alıyeva: Bizim əvvəl işimiz olmayıb. İşlə indi təmin edilmişik.

Prezident İlham Əliyev: Yəqin ki, xalçaçılığı yaxşı bilirsiniz.

Mahnur Alıyeva: Bəli, bu, bizim nənələrimizdən qalan bir sənətdir. Bizim rayonumuzun bu sənətdə anlayışı olub. Mənim yaşadığım kəndin özünün xalçası olub – "Xanlıq” xalçası. Ancaq bir az unudulmuşdu. Sizin sayənizdə o, artıq bərpa olundu. Ona görə Sizə çox minnətdarıq. Çox sağ olun. Çalışacağıq ki, Sizin etimadınızı doğruldaq.

Prezident İlham Əliyev: Əlbəttə, bunun çox böyük mənası var. Biz bu qədim sənəti yaşadırıq. İndi biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır. Bunu deməyə kifayət qədər əsaslar var. Digər tərəfdən bu, ənənəvi sənət növüdür. Nadir xalçalarımız var. Ona görə də bunu yaşatmalıyıq. Gənc nəsil də bu işlərə çox maraq göstərir. Bir daha qeyd etmək istəyirəm ki, həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ edəcəyik, həm də bu, böyük ixrac məhsuludur. Ona görə də bütün bu məsələləri həll etmək üçün "Azərxalça” yaradılmışdır və ilk müəssisə bu gün artıq fəaliyyətə başlayır.

Dövlət başçısı müəssisədə iş prosesini izləyib.

Sonda xatirə şəkilləri çəkdirilib.
 
 

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR