Qüdrət Həsənquliyev: "Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişi imzalayarsa konstitusiyaya zidd olduğu üçün həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq”
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
Aktual.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Azərbaycan Respublikasının prezidenti növbəti dəfə bəyan edib ki, Ermənistan Azərbaycan torpaqlarını öz ərazisi kimi nəzərdə tutan Konstitusiyasını dəyişməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu mövqeni bölüşürsünüz?
- Prezident çalışır ki, sülh davamlı, təminatlı və ədalətli olsun, gələcəkdə münaqişə yenidən alovlanmasın. Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişi imzalayarsa konstitusiyaya zidd olduğu üçün həmin müqavilənin hüquqi qüvvəsi olmayacaq. Sabah Ermənistanda başqa qüvvə hakimiyyətə gəlsə, o, bu sazişi rədd edəcək, tanımayacaq. Başa düşülən deyil ki, Ermənistan həqiqətən Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və sülh istəyirsə niyə konstitutsiyasını dəyişmək istəmir. Axı, bunu indiyə qədər çoxdan etmək olardı. Hesab edirəm, Prezident tələblərində tamamilə haqlıdır.
- Sülh sazişinin imzalanması üçün ABŞ-ın səylərini necə qiymətləndirisiniz?
- Xoşməramlı təşəbbüsləri həmişə alqışlamaq lazımdır. Amma onu yaddan çıxarmamalıyıq ki, ABŞ Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanı mənasız danışıqlara cəlb etməklə münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq istəyirdi. İndi isə göstərilən aktivlik davamlı sülhün əldə olunmasından daha çox yeni toqquşmaların qarşısını almağa hesablanıb. Əksi olsaydı Ermənistandan təcili konstitusiyasını dəyişmək və Zəngəzur dəhlizini açması, öz öhdəliklərini yerinə yetirməsi tələb olunardı. Həm Ermənistan, həm onun Qərbdəki tərəfdarları danışıqlar yolu ilə atəşkəs dövrünü uzatmaqla Ukraynada müharibənin sonunu gözləyirlər. Onlar düşünürlər ki,Ukraynada Rysiyanı məğlub etdikdən sonra Azərbaycana daha ciddi təzyiqlər edəcəklər. Ona görə Azərbaycan tələblərində israrlı olmalı, haqlı və ədalətli tələblərinin yerinə yetirilməsi üçün konkret vaxt qoyulmalı və COP 29 tədbirlərindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi qərarlar qəbul etməlidir. Tarixi şans qaçırılmamalıdır. Əvvəlki fikrimdə qalıram ki, sülhün davamlı və təminatlı olması üçün sülh sazişi Rusiya və Türkiyənin vasitəçiliyi və iştirakı ilə imzalanmalıdr.
- Qüdrət bəy, yanacağın qiymətinin artırılmasını necə qarşıladınız?
- Hökumət bu addımı məcburiyyətdən atır. Çünki ölkənin xərcləri artır, neft hasilatı azalır və onu hansısa formada qarşılamaq lazımdır. Nə qədər ki, Neft Şirkəti, dövlət müəssiələri özəlləşdirilməyib, müəyyən sahələrdə, o cümlədən neft emalı sahəsində dövlət inhisarçılığına son qoyulmayıb, hökumət Konstitusiyaya zidd olaraq bizneslə, sərnişin daşımaqla məşğuldur, qanunun aliliyinin və mülkiyyətin toxunulmazlığının təmin olunması istiqamətində ciddi islahatlar həyata keçirilmir, iqtisadiyyata investisiya qoyulması, beləliklə də yeni iş yerlərinin açılması, büdcə gəlirlərinin əhəmiyyətli artması istiqamətində ciddi problemlər olacaq, cərimələrin,rüsumların artırılması davamlı xarakter alacaq.
Qanunun aliliyi və mülkiyyət toxunulmazlığının real vəziyyəti barədə bir misal çəkim. Konstitusiyanın mülkiyyət hüququ adlanan 29-cu maddəsinin 4-cü bəndində deyilir ki,dövlət ehtiyacaları üçün mülkiyyətin özəlləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Konstitusiyanın 147-ci maddəsində isə düzünə göstəriş var ki,Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Baxmayaraq ki, mülkiyyət yalnız dövlət ehtiyacları üçün özəlləşdirilə bilər, amma bir tikinti şirkəti Bakı şəhər İcra Hakimiyyətinə müraciət edir ki, mən filankəsin şəxsi mülkiyyətində olan evinin yerində hündürmərtəbəli, çoxmənzilli bina tikib pul qazanmaq istəyirəm və həmin dövlət orqanı da mülkiyyətçinin fikrini öyrənmədən bu barədə müvafiq sərəncam imzalayır. Halbuki, tikinti şirkəti öz mülkiyyətində olan ərazidə bina tikintisi üçün müraciət edə bilər. Bundan sonra sahibkar mülkiyyətçiyə deyir ki, mən sənin əmlakını bu qiymətə alıram, evini boşalt. Mənzilin sahibi razılaşmasa ya vurub mənzilini uçurur, yaxud yaxşı halda, məhkəməyə müraciət edir ki, bu adam evini satmır, buna görə onun evinə qiymət qoy və məcburi köçürülməsi barədə qərar qəbul et. Məhkəmə də edir. Mülkiyyətin toxunulmazlığı və qanunun aliliyi bu cür təmin olunduğu halda iqtisadiyyata böyük investisiya qoyuluşu mümkün deyil. Bir çox inkişaf etmiş ölkələrdə bəzən şəhərin mərkəzi sayılacaq yerlərdə gözəl hündürmərtəbəli binaların yanında daxmaya oxşayan tikililərlə çoxlarımız rastlaşmışıq. Soruşanda bunu niyə alıb yerində gözəl bir şey tikmirlər, deyilir ki, sahibi bu və ya digər səbədən satmır. Əslində belə daxmalar həmin ölkələrə rəğbət qazandıran, qanunların aliliyini təcəssüm etdirən gözəl abidələrdi.