Prezident : “Təhlükəsizlik yüksək səviyyədə təmin edilir”

Prezident : “Təhlükəsizlik yüksək səviyyədə təmin edilir”

“Zaqatala aeroportunun yenidən qurulması və zolağın uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq status alacaq. Ümumiyyətlə, Zaqatala aeroportunun inşa edilməsi mənim təşəbbüsüm idi və aeroport tikildi. İndi isə qarşıya vəzifə qoyulub ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr buraya enə bilsin. Belə olan halda həm beynəlxalq uçuşlar həyata keçiriləcək, həm də turistlərin axını daha da artacaq”.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu noyabrın 4-də prezident İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. 

Dövlət başçısı bildirib ki, Zaqatalanın çox gözəl təbiəti var, görməli yerləri, tarixi və qədim memarlıq abidələri çoxdur: “Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları bunu görsünlər və ilk növbədə, daxil inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər, görsünlər ki, Azərbaycanda nə qədər gözəl işlər gedir və necə səfalı, gözəl yerlər var.

Ölkəmizdə bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Baxmayaraq ki, bu gün dünyada hələ də böhran davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi bu böhrana siyasi və hərbi böhran əlavə olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz. Görürsünüz ki, dünyanın müxtəlif yerlərində, bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm Avropada, həm MDB məkanında, Yaxın Şərqdə qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan tökülür. Belə olan halda hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə həmişə düşünmüşük. Azərbaycan xalqının təhlükəsiz şəraitdə yaşaması bizim üçün ən birinci prioritet məsələ idi. Çünki əgər biz buna nail ola bilməsə idik, heç bir inkişafdan söhbət gedə bilməzdi. Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.

Ancaq indiki şəraitdə buna daha da böyük diqqət göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir, xalq ilə iqtidar arasındakı birlik daha da güclənir. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi. İlk növbədə, qeyd etməliyəm ki, parlament seçkiləri yüksək fəallıqla müşahidə olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin edilib. Ədalətli, şəffaf keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən çox xarici, on minlərlə yerli müşahidəçi dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd etdilər ki, bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə edib”.

Prezident İlham Əliyev deyib ki, ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir, bir çox inkişaf etmiş ölkəni də qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı bu nailiyyətlərə görə yüksək mükafatla təltif edib: “Cəmi on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda bir nəfər də olsun yoxsul şəraitdə yaşayan insan olmamalıdır və biz bu hədəfə yaxınlaşırıq.

Son vaxtlar işsizliklə bağlı böyük addımlar atılmışdır. İşsizlik çox aşağı səviyyədədir. Ancaq dünyada gedən maliyyə böhranı nəticəsində işsizlik bir qədər arta bilər. Yəni, bəzi iş yerləri bağlanır. Ancaq açılan iş yerləri bağlanan yerlərdən daha da çoxdur və müsbət dinamika burada da özünü göstərib. Əgər 30 min iş yeri bağlanıbsa, 67 min iş yeri açılıb.

Əlbəttə ki, gələcəkdə iqtisadi islahatların aparılması da prioritet olaraq qalacaq – sahibkarlığın, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox böyük potensialı var. Biz indi çalışmalıyıq ki, öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edək. Biz sahibkarlara daha da yaxşı şərait yaratmağa çalışmalıyıq ki, onlar daha da çox məhsul yetişdirsinlər və məhsulu daxili və xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox ciddi addımlar atılıb, mənim tərəfimdən Sərəncam imzalanıb, qanun qəbul edilib ki, biznes mühitini biz daha da yaxşılaşdıraq, sahibkarlara heç kim mane olmasın, onların işinə heç kim müdaxilə etməsin.

Mən əminəm ki, görülən işlər nəticəsində Azərbaycan gələcəkdə də müsbət iqtisadi inkişaf dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə o qədər də asan deyil. Bir çox ölkələrdə, həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül, Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft iqtisadiyyatı 6 faizdən çox artıb. Əlbəttə ki, bu, görülən işlər nəticəsində mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz daha da fəal olmalıyıq, çalışmalıyıq ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda bu gözəl ictimai-siyasi mühit daimi olsun”.

Dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq təşkilat, siyasətçi, politoloq, alim Azərbaycanda dinlərarası, millətlərarası münasibətləri nümunə kimi göstərir: “Bu, həqiqətən də belədir və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi dəyərli vətəndaşdır, eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb və biz bu siyasətə sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə getmir, o ölkələr fəlakətlə üzləşir”.

Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR