Prezident səfirin etimadnaməsini qəbul etdi

Prezident səfirin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, Səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçib.

Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlət başçısı ölkələrin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb.

Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib Dövlət başçısı, həmçinin ölkələrin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı arzularını dövlətimizin başçısına çatdırıb. O, Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR