İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Daha sonra prezident Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Aktual.az xəbər verir ki, Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsində Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət əsas rol oynayır. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycan vətəndaşlarının ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması üçün səhiyyə müəssisələrinin təmiri və bərpası, yeni tibb ocaqlarının tikintisi və onların ən müasir avadanlıqla təminatı, vətəndaşların müalicəsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir.
Bu gün əminliklə demək olar ki, ölkəmizin hər yerində əhalinin tibbi xidmətlərlə lazımınca təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb. Ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədəki Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri səhiyyə sahəsində görülən tədbirlərin bir hissəsidir. Bu xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi sakinlərin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradır.
Məlumat verildi ki, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Bundan başqa, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlarlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.
Tibb ocağında müalicə işini də ən yüksək səviyyədə həyata keçirmək üçün hərtərəfli imkan var. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin nüfuzlu tibb cihazları istehsalı ilə məşğul olan şirkətlərinin məhsullarıdır. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir. Tibb müəssisəsinin xidmətindən nəinki şəhər, eləcə də ətraf rayonların əhalisi istifadə edə biləcək.
Bütün bunlar onu göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində səhiyyə müəssisələri ən müasir tələblərə cavab verir. Yaradılan bu şərait ilk növbədə Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Prezident İlham Əliyev Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Azərbaycanda həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə xüsusi diqqət göstərilir. Mövcud məktəb binalarının yüksək səviyyədə yenidən qurulması, müasir təhsil ocaqlarının inşası bu sahəyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Gəncə şəhərində 39 nömrəli tam orta məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi bu qəbildən olan layihələrdəndir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verildi. Bildirildi ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.
Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.
Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.
Bildirildi ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.
Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.
Bu tədris ocağında yaradılan şərait bir daha sübut edir ki, ölkəmizdə təhsilə yüksək diqqət və qayğı göstərilir, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təqdirəlayiq haldır ki, bu layihələr Azərbaycanın hər bir şəhərini, rayonunu, qəsəbəsini əhatə edib. Belə müasir məktəblərin yaradılması həm də ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi böyük əhəmiyyət daşıyır.