Prezident İlham Əliyevə yeni mükafat - "Caspian Energy Award"

Prezident İlham Əliyevə yeni mükafat   -

2016-cı il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq "Caspian Energy Forum – 2016"-nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan prezidenti, "Caspian European Club"un ("Caspian Business Club") sədri İlham Əliyevə "İlin islahatçısı" nominasiyası üzrə "Caspian Energy Award" beynəlxalq mükafatı təqdim olunacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bunu "Caspian European Club"un ("Caspian Business Club") sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev deyib.

“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə, "Caspian Energy"nin oxucu auditoriyasına - siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. "Caspian Energy Award" beynəlxalq mükafatı "Caspian European Club" ("Caspian Business Club") və "Caspian Energy International Media Group"un dəstəyi ilə təşkil olunur.

T. Əliyevin sözlərinə görə, "Caspian Energy International Media Group"un təşkil etdiyi beynəlxalq foruma "Caspian European Club"un ("Caspian Business Club") nümayəndələri gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.

Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan "Caspian Energy Forum" keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan "upstream" qaz sektoru, Cənub dəhliz layihələri, Xəzərin resurs potensialı məruzəçi, nümayəndə heyətləri və forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian Business Forum" baş tutacaq. "Caspian Business Forum" çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq.

Əlavə olaraq tədbirin proqramında iştirakçıların işi və ünsiyyəti üçün kofe-breyk və işgüzar naharın təşkil olunması nəzərdə tutulub.

Forumun rəsmi saytı: www.caspianenergyforum.com

Mükafatın rəsmi saytı: http://www.caspianenergyaward.com/
* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı "Caspian European Club"un ("Caspian Business Club") tədbirinə istinad etmək mütləqdir.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR