Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Aktual.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər.
Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.
Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.
Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!"