Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.
Aktual.az AZƏRTAC-a istindən bildirir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulamışdır.
Eyni zamanda dövlətimizin başçısı Rusiyada keçirilən parlament seçkilərində "Единая Россия" partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd etmişdir ki, bununla Rusiya xalqı Vladimir Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirmişdir.
Daha sonra Prezident İlham Əliyev Rusiya Prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını bildirmişdir.
Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırmış və bildirmişdir ki, Azərbaycan xalqı bu referendumda səs verməklə Prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə etmiş və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.