Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Aktual.az xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunuldu.
Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğuladı.
Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edildi.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirildi.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğuladı.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.



Xəbər 65 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR