Prezident ICAPP-ın xüsusi konfransının iştirakçılarına MÜRACİƏT ETDİ

Prezident ICAPP-ın xüsusi konfransının iştirakçılarına MÜRACİƏT ETDİ

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən "Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.
 
Aktual.az xəbər verir ki, müraciətdə deyilir:
 
"Hörmətli konfrans iştirakçıları!
 
Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.
 
ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır. ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər.
 
Beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır.

Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
 
Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.
 
Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.
 
Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir.
 
Belə bir məqsədə xidmət edən fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

Xəbər 177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR