Prezident Heydər Əliyev Mərkəzinin açılışına qatıldı

Prezident Heydər Əliyev Mərkəzinin açılışına qatıldı

İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Aktual.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əvvəlcə dövlətimizin başçısı Mərkəzin binasının ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, inşasına 2013-cü ildə başlanılan binanın ümumi sahəsi 2765 kvadratmetrdir. Mərkəzin girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Birinci mərtəbədə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət zəngin ekspozisiya yaradılıb. Burada dünya şöhrətli siyasi və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar, digər sənədlər nümayiş etdirilir. Ekspozisiyada Ulu Öndərin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna etdikləri səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişafına xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu Mərkəzin böyük əhəmiyyəti var.
Burada, həmçinin 350 yerlik konfrans zalı, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı, kinozal, kulinariya və rəsm otaqları, heykəltəraşlıq studiyası, poliqrafiya emalatxanası fəaliyyət göstərəcək.

Mərkəzin ikinci mərtəbəsi elektron kitabxana, arxiv, virtual sinif və kompyuter otaqları, dizayn və xalq sənətkarlığı studiyaları, xarici dil dərnəyi və 44 nəfərlik dairəvi konfrans zalından ibarətdir. Bu Mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayacaq.

Binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Ziyalı Tahir Məmmədov Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR