İlham Əliyev Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.
Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq.
Aktual.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə bildirib.
Prezident İlham Əliyev idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirib.
İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu vurğulayıb.
Prezident İlham Əliyev hazırda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizdə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirdi, iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycanın tam qətiyyətli olduğunu qeyd edib.
Dövlətimizin başçısı kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas məsələ olduğunu vurğulayıb.