Fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.
Görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulandı, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışıldı, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirildi.
Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də həmçinin Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi. Azərbaycan ilə Yunanıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfər zamanı əməkdaşlığımızın bir çox sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirdi. Yunanıstanın iki Prezidentinin Azərbaycana rəsmi səfərə gəldiklərini, özünün isə iki dəfə Yunanıstanda rəsmi səfərdə olduğunu xatırlayan Prezident İlham Əliyev bunu əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
Ölkələrimizin qədim tarixə və özünəməxsus mədəniyyətə malik olduqlarını qeyd edən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias xalqlarımızın bir çox ümumi dəyərlərə sahib olduğunu və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün bu potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.