Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Aktual.az xəbər verir ki, dəyişikliklərə əsasən, aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci yarımbəndlər əlavə edilir:
“3.1.43-1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatları “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil etmək;
3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.
Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri (gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.