Bu gün Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirib.
Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən Prezident İlham Əliyev builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayıb.
Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlət başçısı bu qələbə münasibətilə təbriklərini çatdırıb və deyib ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirdi.
Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlət başçısı müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğulayıb.
Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən Prezident İlham Əliyev Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlərdən danışıb, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırladıb. Dövlət başçısı Ulu Öndərin hakimiyyətdə olduğu illərdə hər zaman milli dəyərlərin, milli mədəniyyətin təbliğ olunduğunu və diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan Prezident İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söyləyib. Vurğulayıb ki, Ümummilli Lider müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi.
Dövlət başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışıb, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd edib. Bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.