Ötən gün Marneulinin Daştəpə kəndində polislə vətəndaşlar arasında baş vermiş insidentlə əlaqədar 3 nəfər saxlanılıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 3 nəfər - 2003-cü il təvəllüdlü A.B., 2003-cü il təvəllüdlü G.O. və 2002-ci il təvəllüdlü E.K. polisə hücum etməkdə ittiham edilərək saxlanılıb.
İstintaqla müəyyən edilib ki, bu il aprelin 12-də sərxoş vəziyyətdə olan A.B. Marneuli - Saddhu yolunda avtomobili idarə edərkən qəza şəraiti yaradıb, bundan sonra patrul polisinin əməkdaşları ona "saxla” əmri veriblər. Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırışına tabe olmayıb.
O, Marneuli Bələdiyyəsinin kəndlərindən biri istiqamətində yoluna davam etsə də, idarəetməni itirib və avtomobili aşırıb. A.B və onunla birlikdə avtomobildə olan şəxslər, Q.O. və E.K. hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir edərək, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilə ziyan vurublar.
Vurğulanıb ki, insident zamanı əraziyə gələn yerli sakinlərdən bəziləri polisin hər üç şəxsi saxlamasına mane olublar və onları ərazidən uzaqlaşdıraraq gizlədiblər.
Hücumla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə araşdırma aparılır.
Bu ittihama əsasən, onları 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Qeyd edək ki, Marneuli azərbaycanlıların kompakt yaşadıqları ərazidir.
Xəbər 549 dəfə oxunub.