Milli Məclis Azərbaycanda polis əməkdaşlarının insanların yaşayış və müvəqqəti qalma yerlərinə daxil olmaları məhdudlaşdıran layihəni qəbul edib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, "Polis haqqında" qanuna edilən dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Dəyişikliyə əsasən, polis inzibati xəta törədən şəxsin azadlığını məhdudlaşdıra bilməyəcək və şəxsin inzibati qaydada tutulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçiriləcək.
Bundan başqa, "Polis haqqında" qanunun 24-cü (polis tərəfindən mənzil toxunulmzalığı hüququnun məhdudlaşdırılması) maddəsinə dəyişikliklər edilib. Belə ki, hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə bir neçə əsaslardan birinin olması barədə dəqiq məlumat olduğu halda daxil ola biləcək.
Bu əsaslara şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləməsi, yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması, eləcə də yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması, cinayət törədən şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi daxildir.
İndiyə qədər polis əməkdaşı mənzilə bu hallarla bağlı dəqiq məlumata malik olmaqla yanaşı, əsaslı şübhələri olduğu halda da daxil ola bilərdi. "Əsaslı şübhələr" müddəası qanundan çıxarılıb və polis bundan sonra dəqiq məlumat əsasında yaşayış yerinə daxil ola bilər.
Bundan başqa, qanundakı mənzil ifadəsi çıxarılıb və yaşayış yeri ifadəsi ilə əvəz olunub. Bununla bağlı qanunun 1-ci maddəsinə səkkizinci abzas əlavə edilib. Səkkizinci abzasda deyili: "Yaşayış yeri - bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər təlabatlarını təmin etmək üçün istifadə olunan digər tərzib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu qanunun məqsədləri üçün yayşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir)."
Dəyişikliklər polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədi daşıyır.