Bakıda vətəndaşları aldadaraq pulunu mənimsəyən 53 yaşlı qadın axtarışa verilib.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Esmira Bayramova ötən ilin noyabr ayından axtarışa verilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
E.Bayramova vətəndaşlara övladlarını Daxili İşlə Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul etdirəcəyinə söz verərək külli miqdarda pul alıb. Lakin abituriyentlərin heç biri Akademiyaya qəbul olunmayıb. Bundan sonra valideynlər aldandıqlarını başa düşüblər və qadından pullarını tələb ediblər. E.Bayramova onları müxtəlif bəhanələrlə bir müddət gözləməyə məcbur edib, sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb.
Valideynlərin polisə müraciətindən sonra Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış elan edilib.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Esmira Bayramova saxlanılıb. Araşdırma aparılır.