"Plastik kartlar vasitəsilə ölkədən külili miqdarda valyuta çıxarılır"


Ölkənin pul-kredit sistemini dollar asılılığından qurtarmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir...

Manatın məzənnəsində baş vermiş dəyişikdən sonra yaranmış vəziyyət təxirəsalınmaz adekvat addımların atılmasını zəruri edir. Sirr deyil ki, yaranmış situasiya qara bazarın meydana gəlməsinə münbit şərait yaradır. Qara bazarın əsasını isə banklardankənar valyutadəyişmə məntəqləri təşkil edirdi. Odur ki, Mərkəzi Bankın belə məntəqələrin lisenziyasının ləğv olunması ilə bağlı qərarı ölkənin maliyyə sisteminin dollar xəstəliyindən xilas olunması və milli valyutanın nüfuzunun bərpa edilməsi yolunda atılan ilk addım kimi qiymətləndirilməlidir. Mərkəzi Bankın bu addımından öncə biz də mətbuat vasitəsilə bu addımın zəruriliyini əsaslandırmışdıq. Ancaq təkcə bu addımla problemi kökündən həll etmək mümkün deyil.

Problemin bütövlükdə həll olunması məsələyə kompleks yanaşma tələb edir. Atılan birinci addımın ardınca zəruri sayılan digər tədbirlərin görülməsinə gecikmədən başlamaq lazımdır. Əks halda birinci addımın xeyrindən çox zərərini görmək təhlükəsi labüddür.

Odur ki, təklif edirik:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik etmək yolu ilə ölkənin maliyyə sisteminə ciddi zərbə vura biləcək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan şəxslər barəsində maksimum müddətə (10 ildən 15 ilədək) həbs cəzası nəzərdə tutulsun;
Cinayət Məcəlləsində dəyişiklik etmək yolu ilə ölkə daxilində xarici valyuta ilə ticarət əməliyyatı aparan hər hansı fiziki şəxs və ya müəssisə rəhbəri barəsində maksimum müddətə həbs cəzası seçilməsi nəzərdə tutulsun və belə ticarət aparan tərəfin ticarət predmetləri dövlətin xeyrinə müsadirə olunsun;

Mərkəzi Bank bu günə xarici valyutada alınmış kreditlər üzrə manatın yeni məzənnəsi ilə köhnə məzənnəsi arasında yaranmış fərqi avtomatik olaraq tam şəkildə banklara kompensasiya etsin və nə qədər inzibatı yol olsa da xarici valyutada olan kreditlərin hamısı 1 dollar 1 manat 5 qəpik kursu ilə manat kreditinə çevrilsin. Atılacaq addımın banklar üçün yaradacağı çətinliklər nəzərə alınmalıdır. Çünkü bəzi bankların xarici valyutada borc öhdəlikləri mövcuddur. Lakin bu, atılacaq addımın qarşısını almamalıdır. Atılacaq addım bir sıra zəif bankların bağlanması ilə nəticələnəcək ki, bu da normal sayılmalıdır. Əhalinin hər bir milyon nəfərinə düşən bankların sayına görə biz Almaniya, İtaliya və Fransa kimi inkişaf etmiş ölkələri bir neçə dəfə üstələyirik. Bir sözlə, bu mərhələdə Azərbaycanda mövcud olan 43 özəl bankın 50%-dən çoxunun bağlanması belə az hesab oluna bilər;

Xarici valyutada banklara yerləşdirilmiş bütün əmanətlər manatın yeni məzənnəsi ilə (1dollar 1,57 manat) manat ifadəsində əmanətlərə çevrilsin. Daha doğrusu Mərkəzi Bank xarici valyutada olan bu əmanətləri yeni məzənnə ilə alıb öz rezervlərinə qatsın. Manata çevrilmiş bu əmanətlər sığortalansın və onlara illik 15% divident müəyyən edilsin. Hesab edirik ki, manata çevriləcək əmanətlər müəyyən olunmuş qaydada inflyasiyadan sıgortalanacağı tədqirdə əmanətçilər də buna etiraz etməyəcəklər;

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə plastik kartlardan istifadə etməklə hesablarındakı xarici valyutanı nəgdləşdirmə əməliyyatlarına ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Məlumdur ki, ölkədən xarici valyutanın nəgd şəkilində çıxarılmasına müəyyən məhdudiyyətlər qoyulur. Lakin plastik kartlara hər hansı məhdudiyyət tətbiq olunmadığından istənilən şəxs böyük məbləğdə xarici valyutanı kartına yerləşdirib həmin vəsaiti təxminən1,5 faiz xidmət haqqı çıxılmaqla ölkənin hüdudlarından kənarda nəgdləşdirə bilər. Hesab etmək olar ki, bu, ölkədən xaricu valyuta çıxarmağın ən asan yoludur və indiki halda imkan vermək olmaz ki, belə vasitələrlə ölkədən böyük məbləğdə xarici valyuta çıxarılsın. Mərkəzi Bank vəziyyəti nəzərə alaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrdə bank posterminallarından istifadə etməklə plastik kartlardakı(Xüsusən VİZA Klassik və Mastercart Standart) xarici valyutanı nəğdləşdirmə əməliyyatları aparmasına müəyyən limitin tətbiq edilməsi barədə müvəqqəti qaydalar müəyyənləşdirməlidir.

İndiki halda vətəndaş istənilən xarici ölkədə bankomatlar vasitəsilə gündəlik təxminən 2000 manat ekvivalentində xarici valyutanı nəğdləşdirə bilər. Postrerminallardan istifadə etməklə isə plastik kartddakı vəsaitin hamısını nəğdləşdirmək mümkündür. Vətəndaş bank postterminalından istifadə etməsə də belə dediyimiz kimi, istənilən bankomata yaxınlaşıb, məsələn, 10 gün ərzində təxminən 20 min dollara yaxın məbləği nəğdləşdirə bilər. Bu isə ölkədən xarici valyutanın çıxarılması deməkdir ki, buna indiki halda ciddi nəzarət olunmalıdır. Təsəvvür edin ki, bir nəfər 10 nəfərin adına plastik kart açdırıb hər birinə 50-70 min(Məbləğə məhdudiyyət yoxdur) dollar vəsait yatızdırır və həmin adamlar da xarici valyutanı nəğdləşdirmək məqsədilə Avropa ölklərinə üz tuturlar. Bu isə o deməkdir ki, hər bir belə əməliyyat vasitəsilə ölkədən külli miqdarda xarici valyuta çox asan bir yolla çıxarılır;

Hesabdan hesaba köçürmələrə də ciddi nəzarət olunmalıdır.

Xüsusən xarici ölkə banklarındakı hesablara xarici valyuta köçürmələri olduqca dəqiq nəzarət mexanizmləri ilə əhatələnməlidir.
Hesab edirik ki, ölkənin maliyyə sistemini sabit saxlamağın və təlatümlərdən qorumağın yeganə yolu belə radikal addımların atılmasından keçir.

Fikrət Yusifov  - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor

Xəbər 486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR