Türkiyə ordusunun uğurlu əməliyyatlarının fonunda təslim olan PKK silahlılarından biri maraqlı açıqlama gəlib.
ANS PRESS-in məlumatına görə, terrorçu qruplaşmanın adı açıqlanmayan üzvlərindən biri ordu nümayəndələrinə PKK-nın çökdüyünü bildirib.
O, bunu qruplaşmanın ən nüfuzlu liderlərindən olan Murad Karayılanın sözlərinə əsaslanaraq deyib.
Silahlı bildirib ki, Murad Karayılan çox narahatdır və o, Türkiyə ordusunun hücumları qarşısında davam gətirə bilməyəcəklərini etiraf edir.
“Ordunun silahlıların İraq ərazisindəki ambarlarına etdiyi hava hücumları nəticəsində artıq döyüşçülərin silah ehtiyatı bitir. Bu isə rəhbərlik başda olmaqla bütün döyüşçüləri narahat edir. İki ay ərzində o qədər döyüşçü öldürülüb ki, onların valideyinlərinə nə deyəcəyimizi bilmirik. Çünki onların valideynləri uşaqlarının dağda sağ-salamat yaşadıqların düşünürlər. Amma elə döyüşçü var ki, heç meyidinin harda olduğu bilinmir”.-deyə təslim olan terrorçu bildirib.
Bu etiraflara baxmayaraq, Türkiyədə terror hadisələri bu gecə də davam edib.
Bingöl vilayətində terrorçuları zərərsizləşdirmək üçün hadisə yerinə gələn zirehli polis maşınına hücum edilib. İnsident Bingöl-Elazığ yolunun Kurudərə kəndi ərazisindən keçən hissəsində baş verib.
Nəticədə 3 polis, 1 mülki vətəndaş yaralanıb. Məlumata əsasən, terrorçular yolu bağlamağa cəhd edib. Polisin "təslim olun" çağırışına terrorçular atəşlə cavab veriblər.
Yaralılar xüsusi təhlükəsizlik tədbirləri ilə Bingöl Dövlət Xəstəxanasına çatdırılıblar.
Amma Türkiyə ordusu gecə ərzində İraqın Hakur bölgəsində həyata keçirdiyi hava hücumları zamanı terrorçulara məxsus silah və ərzaq ələ keçirilib.
Gecə ərzində Şırnaq şəhərində 7 PKK silahlısı təslim olub. Valiliyin verdiyi açıqlamada bildirilir ki, 2013-cü ilin 21 mart və 2015-ci ilin 23 sentyabr tarixlərində 937 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Terrorçular təslim olur amma sayı azalmır. Seçkilərə az qalmış Türkiyə terror hadisələri və ölkə sərhədlərində yaşanan qaçqın böhranı içərisində boğulur. Ölkədə böyük itkilər var, əsgərlər və zabitlər, hətta dinc insanlar həlak olurlar.
Təcrübə də göstərir ki, itkilər böyük olması hökumətin nüfuzuna mənfi təsir göstərir. Müharibə yalnız qələbə olduğu təqdirdə hakim siyasi qüvvəyə yüksək reytinq gətirir.
İraqdakı PKK mövqelərinə Türkiyə hücumlarından sonra kürd silahlılar açıqlama verib ki, artıq Ankara ilə atəşkəs öz mənasını itirib.
PKK -ilə atəşkəs 2013-cü ildə əldə olunub. Amma 4 ay əvvəl silahlıların 2 polisi öldürməsindən sonra atəşkəs pozuldu. Müstəqil dövlətin qurulması uğrunda mübarizə aparan PKK və Türkiyə arasında 30 ildən artıqdır ki, davam edən silahlı münaqişə nəticəsində 40 mindən çox adam həyatını itirib.
// Aktual.az