Məşhur türk dənizçi Piri Rəisin 1513-cü ildə çəkdiyi Afrika, Amerika və Cənub qütbünü göstərən xəritə aranı qarışdırıb.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, xəritədə çəkilən Cənub qütbü məntiqi baxımdan ziddiyyətlə qarşılanıb. 1513-cü ildə çəkilən və 1929-cu ildə tapılan xəritədə Cənub qütbünün təsvir edilməsi mümkünsüz görünüb. Cənub qütbünün kəşfi xəritə çəkiləndən 305 il sonra, yəni 1818-ci ildə baş tutub. Daha bir ziddiyyətli məsələ isə xəritədə 6 min il əvvəl ərimiş buz qatlarının göstərilməsi olub.
Piri Rəisin Cənub qütbü kəşf edilməmiş xəritədə onu dəqiqliklə təyin etməsi inanılmaz hadisə olaraq elm adamlarının fikrini qarışdırıb. O, tərtib etdiyi xəritədə Afrikanın üzərinə fil, dəvəquşu, Cənubi Amerikanın üzərinə isə lama və puma heyvanlarının rəsmini çəkib. Bu isə ya möcüzədir, ya da Piri Rəisin o torpaqların iqlimini, təbiətini bilməsi anlamına gəlir.
İllər öncə Genuya Universitetində araşdırılan və müxtəlif ölkələrin qəzetlərində dərc olunan xəritənin sirri bu günə qədər açılmayıb.
Qeyd edək ki, 1929-cu ildə Topqapısarayında tapılan ceyran dərisi üzərində tərtib edilmiş Piri Rəisə məxsus bir neçə xəritə XVI əsr Avropa və müsəlman dənizçilərinin coğrafi məlumatlarını ehtiva edən qiymətli tarixi sənəd kimi qorunur.