Nyu-Yorkda xırda pilotsuz uçan aparat (PUA) Empayr Steyt Bildinq göydələni ilə toqquşub.
Aktual.az Report-a istinadən xəbər verir ki, uçan aparat binaya 40-cı mərtəbə hündürlükdə dəyib, sonra da 35-ci mərtəbə səviyyəsində olan meydançalardan birinə düşüb.
Yerli polisin məlumatına görə, PUA-nı idarə edən 29 yaşlı Nyu-Cersi sakini həbs edilib. Onun aparatla bir neçə şəkil çəkmək istədiyi, ancaq nəzarəti əldən buraxdığı ehtimal olunur.
Qeyd edək ki, Nyu-Yorkda xırda dronlardan istifadə qadağan deyil. Saxlanılan şəxs PUA idarə edərkən idarəetməni itirərək ətraf mühiti təhlükə altında saxlamaqda ittiham olunur. Buna görə ona 7 ilə qədər həbs cəzası verilə bilər.
Xatırladaq ki, Empayr Steyt Bildinq Manhettendə yerləşən 103 mərtəbəli göydələndir. O, hazırda Nyu-Yorkun ən hündür binasıdır. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-ın milli tarixi abidələri siyahısına daxil edilib.