PİCASSONUN LAL FIRÇASI...

PİCASSONUN LAL FIRÇASI...

... Qış idi. Zaman öz axari ilə gedir, külək ağaclardan bərk-bərk asılan balaca, incə  yarpaqları xışıldadırdı. Günəş bəşəriyyətə qucaq açıb həyatımızı qızdırırdı. Ətrafda hərəkət var idi: daha çox qara rəngli gödəkçəyə bürünən adamlar harasa tələsirdi. Bir az aralıda barmaqlarının incəliyini çoxdan, lap çoxdan itirmiş bir qadın gözlərimə dikildi. Əlinin içində limonları sıxıb saxlayan bu qadın beş limonu bir manata satırdı. Limon satan qadının arxasında tarix qoxulu, mənəviyyat cəngavəri olan, ideya üçün ruhu ilə yaradan Cəfər Cabbarlının heykəli ətrafı seyr edirdi. 

Ədibin səssizcə dayandığı yüksəklikdən vağzalın dinamikası, harmoniyası, məkanın tərtibatı daha rahat görünürdü. Elə bil o sağa, sola hərəkət edən  insanların daxili qatlarının nə zaman eroziyaya uğradığını düşünürdü! Bir sual onun üçün maraqlı idi. Görəsən, ruhu məhv etmə qatarı nə zaman  gəldi? Bəzən ağ göyərçinlər sənətkarın çiyinlərində  oturub ona lay-lay deyirdi, nazik ayaqları ilə söz ustasını çiyinlərinə tumar çəkirdi . Deyəsən, ağ sülh quşları xoşbəxtlik qatarının nə zamansa gələcəyini Oqtayı, Almazı, Sevili düşünən oğlanın qulağına yavaş-yavaş pıçıldayırdı. Quşlar fəzada aram-aram uçuşub xoşbəxtlik qoxusunun mütləq gələcəyini deyirdilər... 

Qatar görmək istəyirdim. Bir qatar tıkkıltısını eşitməyə ehtiyacım var idi. Kim bilir keçmişə səyahət edib, uşaqlıq illərimi xatırlayıb o illərin nəşəsindən zövq alıb sakitləşəcəkdim.  Sürətlə hərəkət edən yaşıl, üstündə beş nömrəsi yazılan  bir vaqona tamaşa etmək keçdi ağlımdan. Bu həvəslə Dəmir Yol Vağzalına tərəf getdim. Demə, vağzalın bugünkü mənzərəsinə baxıb 1987-ci ilə səyahət etmək, xəyallar adasında uçmaq mümkün deyildi. Əsla! Məhz həmin tarixdə mənim üç yaşım var idi. 

Fevral ayı olmasına baxmayaraq havada rahat gəzmək olurdu. Gəzdim. Vağzalın yanında bir kafedə oturdum. Kafe “28 MALL” ın dördüncü mərtəbəsində yerləşdiyi üçün uzun, təmiz ağ pəncərələrdən bayırı yaxşı görə bilirdim. İkimərtəbəli, qədimi, rəngi solmuş binalara, dörkünc köhnə qoxulu eyvanlara baxdıqca yaxşılaşırdım. Əli qabarlı, başı bağlı qadınların əllərindəki rəngli gülləri seyr etmək mənə maraqlı gəlirdi. Ağlım birdən kafenin dar uzun, balaca eyvanına çıxmağa qərar verdi. Mən də ruhumun arxasınca səssizcə yola düşdüm. Köhnə eyvanda asılan paltarlarla söhbət edirdim. Rəngli paltarlara baxmaq, onların havada uçuşmasını izləmək ruhuma rəng qatırdı. Hələ qədimi eyvanlarda nimdaş əşyaları görmək, xəfif küləyin bu əşyaları tərpətməsi mənim diqqətimi çəkirdi. Bir gün əvvəl özümə kitab evindən bir kitab almışdım. Kitab "93-Tanrıların qürubu" adlanırdı. Nədənsə kitabın birinci səhifəsinə qırmızı qələmlə 14.02.2015 "Casual" kafe yazılmışdı.  

"Qeyd: Əsla vicdanının səsini unutma..." Maraqlıdır. Bu gün bu qeydi niyə bura yazmışdım? Olur arada belə şeylər...

- Kitab!..

- London!

Romanda London mədəniyyətindən söhbət açılırdı. Müəllif yazırdı ki, Londonda yol gedirdim. Birdən tində saksafon gördüm. Saksafonu  zənci çalırdı. Yaddıma Rain Sultanovun bağlanmaq təhlükəsi ilə üzləşən "Bakı Caz Mərkəzi" düşdü. Balaca, dördkünc, qalın  kitabda bu sətirləri oxuyanda  ağlımda yayda Londona istirahətə gedən bir tanışım düşdü. Toppuş, uzun saçlı, böyük, aydın, sulu gözləri olan Jalə adlı gənc qız canlandı gözlərim önündə. Rəngli geyinməyi sevən bu qızla yeddi il öncə bir məclisdə tanış olmuşdum. Jalə çox nəzakətli qız idi. Ona baxmaq mənə zövq verirdi. Onda olan həyat sevgisinə heyran idim. Tanış olduğumuz o məclisdən sonra dostluq etməyə başladıq. On yeddi yaşı olmasına baxmayaraq dörd dil bilirdi. Hələ kitaba olan marağı, dünya ədəbiyyatına olan sevgisi diqqətimi daha çox çəkirdi. Onlara qonaq gedəndə Jalənin otağındakı səliqə ilə düzülmüş kitablar, çəhrayi rəngli divarda müxtəlif illərdə çəkilmiş fotoların asılması insanı öz sehrinə salırdı:

- Rənglər...

- İstanbul!

- Türk inqilabi poeziyası!

- Nazim Hikmət...

Jalənin çəhrayı rəngli otağına girəndə Nazim hocanın Boğazın kənarında yerləşən, babasından qalma çəhrayı köşkünü xatırladım. Bu məşhur köşkdə balaca Nazim rəssam anası ilə yaşayıb. Şairin uşaqlıq illəri məhz bu çəhrayı köşkdə keçib.  Demə, azadlıq sevgisi ilə yaşayıb yaradan Nazim hocanın fərdin köklü azadlığını müdafiə edən Jan-Pol Sartla da  yaxın dostluğu olub. Şair ölümündən öncə yazırdı: "Yaşadığım mənzildə mən öləndən sonra kimsə tabutuma yaxınlaşmasa belə həyətdə oynayan uşaqlar tabutuma yaxınlaşacaq. Küçədə qoyulan tabutlar uşaqların diqqətini daha çox çəkir!

Rahat mənzilər dəhlizlərindən tanınır..."

Jalənin bu dilsiz otaqı  insana səssizcə sonsuz, fərqli çağırış edirdi.  Jalə tək qız idi.  Atası, anası onun oxuması, başqa ölkələrə səfər edib yeni mədəniyyətləri görməsi üçün daim çalışırdılar.

...Bir gün bir telefon zəngi gəldi. 

- Sevincli səs qulaqlarımda peyda oldu.

- Xəbərin var?

- Jalə bala Moska Dövlət Universitetinə qəbul olub!!!

- Aaa.

- Nə gözəl. Təbriklər! 

- Söhbətləşdik.

- Yaxın günlərdə görüşək.

- Mütləq.

- Sağollaşdıq.

- Öpürəm bərk-bərk.

Deyə bilmədim ki, Jalə kimi insanlar uğur qazanmaq üçün doğulub. Bu xəbərdən sonra Jalənin öznəməxsus otağı gözlərimin qarşısında kəpənək kimi uçub getdi. Demə, kitabların işi yalnız insana ağ qapı açmaqdır. Və bir daha anladım ki, kitablarla səmimi, davamlı, vicdanlı dostluq etməyi bacaran insan öz mükafatını gec-tez  alacaq. Bu səhər kitablar öz həqiqətinə qovuşduğu kimi,  Jalə də öz uğuruna sarılmışdı. Üzündən sevinc əksik olmayan bu qızı dünyanın ən rəngli, ətirli güllərinə qərq etmək istəyirdim. Bu telefon zəngindən sonra qırmızı, məxməri qızılgüllərə, ətirli, sadə nərgizlərə toxunmaq istədim! Jalə hərəkətli, xoşbəxtlik qoxusu gələn gəmisi ilə hava limanına yaxınlaşdı. Dərslər başlayar-başlamaz Jalə Moskvaya uçub getdi. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Jalə yeni şəhərə həvəslə köçmüşdü. Arada yazırdı: bu şəhəri xoşlayıram, günlərimi keflə yaşayıram. Şəhərin tarix qoxulu yerlərini ziyarət edirəm. Jalənin "facebook" səhifəsindən bu şəkillərə baxanda xoş hisslər keçiridim. Başında papaq, boynunda yun şarf, əllində isti əlcəklər. Bu tabloda Jalə əks olunub. Qarın üstündə uzanıb çəkdirdiyi şəkili lap yaxş xatırlayıram. Beləcə bir il keçdi. 

- Yenə telefon zəngi gəldi. 

- Alo.

- Yenə sevincli bir səs şüuraltıma qucaq açırdı. Lap asta-asta sığal çəkirdi.  

Hal-əhval tutduq.

- Jalə bala Ankaraya köçür.

- Aaa.

- Doğurdan?

- Səbəb?

-Çox sevinirəm!

- ...

- İllər neçə keçdi, Jalə ərə gediləsi qız olub. 

-Yaxın günlərdə Jalə bir türk oğlanı ilə nişanlanacaq.

- Kan Ankarada yaşayır. 

- Həmin şəhərdə də təhsil alır. 

-  Jalə də oğlanı sevdiyi, onunla bir şəhərdə yaşaması üçün təhsilini Ankarada davam etdirmək istəyir. 

- Əslində atası da, mən də Jalənin Moskvada təhsil almasını istəyirik.

- Biz razılıq vermədiyimiz üçün oğlanın vəziyyəti pisləşib valideyinləri onu xəstəxanaya yerləşdiriblər.

- Jaləni tanıdığın üçün bu olanlardan sonra onun nə edəcəyini bilirsən. 

- Atası da, mən də Jaləni itirməmək üçün razılıq vermək istəyirik. 

- Gənclərin sevgisinə anlayış göstərmək vaxtıdır.

...Jalə yenə yazırdı: Ankaraya nə vaxt gəlirsən? Nə zaman birilikdə gəzəcəyik?  Bax bura İstanbul deyilaaa. Ankara məmurlar şəhəridi.)))  Əsas sən gəl, gedərik “Eski şəhərə”.  Bilirəm sən tarixi yerləri xoşlayırsan. “Eski şəhəri” bəyənəcəksən. 

...Bir neçə ay keçdi. Jalənin yaxın günlərdə nişanı olacağını eşitdim. Qardaş ölkədən qonaqlar gəldi və Bakıda nişan oldu. Yeni nişanlanan gəncləri bir axşam yeməyinə dəvət etdim. Yeməkdən öncə Bakıda ilk dəfə açılan rəssam Sakit Məmmədovun ev muzeyini ziyarət etdik. Muzey Bakılılara yaxşı tanış olan bir gölün kənarında yerləşirdi. Göl dedim yadıma Türkiydəki  "Saklı göl" düşdü. Deyəsən, mövzudan kənara çıxdım. Arada mövzudan kənara çıxmağı xoşlayıram.  Yaşıl dağların arasında yerləşən gölün üstündə balaca, rəngli ördəklər həzin-həzin gəzirdi.

- Bakı.

Gölün bir addımlığnda yerləşən hüdür binanın  daxili divarlarında rəngli, gözə xoş gələn, ruha tumar çəkən müxtəlif şəkillər asılmışdı. Hələ şlyapalı, sol qolunda klassik çantası olan qadınları demirəm. Kanında hər şəkilə maraq göstərməsi, gəldiyimiz məkan haqqında sual verməsi  mənə xoş gəlirdi. Onun Azərbaycan mədəniyyətinə, bir rəssamın fırça sevgisinə olan heyranlığı məni ikiqat sevindirirdi.  Xoş təəssüratlarla muzeydən ayrıldıq. 

- Taksi.

- Şəhərimizin təmir gedən yolları. 

- Kafe...

Söhbət öz axarı ilə davam edir. Bu gündən xoş xatirə olsun! Yemək zamanı onlara hədiyyə aldığım şarfları verdim.  Müxtəlif mövzulardan söhbət elədik. Doğurdan da, əhvalatlı insanlar daha maraqlı olurmuş. Kanın da özünəməxsus əhvalatları var idi. Bu oğlanla insan darıxmırdı. Nədənsə Kan türk kişilərinin qısqanc olduğunu hər əhvalatında açıq aydın hiss elətdirməyə çalışırdı. Bu qısqanclıq duyğusu məni narahat edirdi.  Jalə Şərq dəyərləri ilə formalaşan bir cəmiyyətdə yaşasa da, həmişə Qərb fikirlərinə meyl edirdi. Təbii ki,  hisslər onun üçün  dəyərli idi.  Sonda ağılla qərar verməyi lap yaxşı bacarırdı. Bu axşam yeməyindən sonra Kanla müqayisədə Jalənin həyat fəlsəfəsinin sürətli, rəngli  bir qatarla yol getdiyinin canlı şahidi oldum. 

- İki bilet.

- Bakı hava limanı.

-Ja lə və Kan Ankaraya yola düşdülər.  Mən də Bakıda öz həyatımı yaşayırdım.

- Bir neçə ay keçdi!

- Telefon! 

- Alo.

- Salam.

- Bu dəfə səs məni həyacanlandırdı.

- Bilirsən nə olub?

- Nə?

- Jalə nişanını qaytarıb!!!

- Hm!

- Niyə?

- Axı bir-birilirinə çox bağlanmışdılar!

- Səbəb nədir?

- Oğlan çox qısqancdır.

- Jaləni çox sıxır, mənəvi azadlığını əlindən alır!

- Kanla yanaşı anası da  Jaləni sıxmaqa çalışır.

- Anladım! 

- Gözlərimin önündə o axşam canlandı. Kafe! Kan, Jalə, mən...

- Ağlıma hopmuş söhbətləri yaxşıca xatırladım. 

 - Son ayrılığı sənə danışıram:

- Kanla, Jalə maşında yol gedirlərimiş. Kan bundan sonra anamın dediklərinə diqqət elə, o, bizdən böyükdür.  Bundan sonra məni və onu dinləməsən, səndən ayrılacam! Qəribədir, nişandan sonra Jaləni bəzən səbəbli, bəzən səbəbsiz yerə çox təhdid edirdilər. Yaddıma valideyinlərini razılaşdıran Moskvadan Ankaraya qədər köçüb gələn Jalə düşdü.

-  Ankara!!!

- Ağ maşın!

- Uzun bir yol!

Jalə: mən sənin nişanlınam, mənə sənin fikrin maraqlıdır... 

- Kannn, anana hörmətlə yanaşsam da, onun bizim şəxsi işlərimizə qarışmağa haqqı yoxdu. Kannn, bunu səndə bilirsən. 

- Bilirəm! Jalə, bu həyat sənə xoş deyil ayrılaq.  

Kan maşını saxlayır! Jalə Ankaranın küçələrində tək-tənha qalır. Və o gün anlayır ki, onların xoşbəxt yaşaması mümkün olmayacaq. Kanın cəsarətsizliyi, öz istəkləri üçün mübarizə apara bilməməsi, öz kimliyini təsdiq edə bilməməsi  Jalənin psixologiyasına hakim kəsilir. Beləcə Ankaranın uzun bir küçəsində ayrılıq qoxusu Jaləni öz ağuşuna alır!

Jalənin valideyinləri Bakıdan Ankaraya uçur. Üzüklər dəyişdirilir. Hər kəs öz yoluna davam edir. Amma Jalə təhsilini məhz Ankarada davam etdirmək üçün israr edir. Bircə yaşadığı mənzili və telefonun nömrəsini dəyişir! 

İki ay keçir! Bir səhər Kan və atası Jalənin evinin qarşısında peyda olur. 

- Qızım oturub söhbət edək. Adım bu ayrılıqda çox işlənsə də, mən sizin ayrılığınızı heç vaxt istəməmişəm! Kanı yaxşı tanıyıram, onun necə həssas olduğunu bilirəm. Bu ayrılığa dözə bilməyəcək! Sonra ağrı çəkən mən və anası olacaq!!! Anası bunu çox yaxşı bilir! Sən də gəncsən.  

Jalə Kanın atasını dinlədi. Dinlədikcə bir şeyi dərk edib canına hopdurdu. Kanı Ankaranın uzun bir yolunda, maşınların sürətlə hərəkət etdiyi bir zamanda  itirib. Artıq Kana qarşı bir şey hiss etmədiyini lap yaxşı hiss edirdi! 

- Məni axtardığınız üçün sevinirəm. Bura gəldiyiniz üçün utanıram. Minnətdaram! Amma mən bu baş verənlərdən sonra Kanla yalnız dost ola bilərəm... 

- Dost! 

Bu söhbətdən sonra Kan sükuta qərq olmuşdu. Atası ilə Jalənin söhbətini diqqətlə dinləyirdi!!!

Öz sevdiyi oğlan üçün Moskvadan Ankaraya qədər köçüb gələn Jaləninin xarakterinin qətiyyətli olduğunu mütləq ki,  gec də olsa, dərk etmişdi. Yağışda islanmamaq üçün yuvalarına girən qarışqalar kimi, Jalə də  Kanın yarımçıq şəxsiyyətindən sarsılıb günəşli dünyasına çəkilmişdi. Və hələ də o dünyaya qapanıb yaşayırdı. Beləcə bu dünyadan balaca  bir pəncərə açıb Kanı və atasını nəzakətlə dinləyirdi.    

- Mono tamaşa.

-" Kitablara sarılan Jalə"

Jalə:

- Valideyinlərimlə mübarizə apardığımı, hətta Moskvadan Ankaraya qədər köçüb gəldiyimi çox tez unutdun! Vicdanının səsini dinləmədən məni yolda tək qoyub getdin! Ayaqların yola davam etmək istəməsə də, sən sürüb getdin!... Təəssüf!  Kan əfəndi!  Bircə bu həqiqəti dərk etsəydin, yenidən  xəstəxanaya düşməyəcəkdin! Mən isə kitablara qucaq açmayacaqdım...

- Ankara, yeni mənzil...

Saçlarının rəngini təzə dəyişən Jalə yenə kitab oxuyur.  Armudu stəkanda "Karadenizin" isti çayı yavaş-yavaş  buğlanır.

Hələ Jalənin gözlərinə dikilən ləzzətli "Kemal Paşa Tatlısı" nı demirəm. Bircə qalır Jalənin  ruhunun ritmini, hərəkətlərini görmək. Bu mənzərəyə görə Jalənin  hamar saçlarına tumar çəkmək istədim...

Elə bilirəm qadınlara qarşı amansız olan Pablo Picassoda Jalənin oturduğu masa qarşısında aciz qalmışdı. Təsviri imkansız hisslərin, gənc qızın əzilmiş cəsarətli qəlbi qarşısında rəssam kimi fırça da səssiz idi.  Rəssam lal olmuşdu. Süküt çökmüşdü. 

-Süküt!

-Yağış kəsmişdi.

-Yarpaqların üstündən süzülən büllur damlaları parlaq günəş qurudurdu.

-Qarışqalar hərəkətə başlamışdı. 

-Uzun bir yol...

-Qatar səsi!      

-Jalə üçün yeni bir günəş doğmuşdu...

Xəbər 1567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR