Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin həqiqi üzvü, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti, Moskva Beynəlxalq Rabitə Akademiyasının fəxri akademiki Pərvin Şərifovun "Report"a müsahibəsi...
- Niyə məhz Səmti Müəyyənetmə İdman Federasiyasını seçdiniz?
- Səmti Müəyyənetmə İdman Federasiyasına dəvət olunmağım bir tərəfdən mənim üçün sürpriz olsa da, digər tərəfdən bunu təsadüf saymaq olmazdı. Çünki hazırda əməkdaşı olduğum qurum (Xüsusi Dövlət Mühafizə Xidməti - red.) bu federasiya ilə çoxdan əməkdaşlıq edir, bu idman növü ilə peşəkar məşğul olan və nəticələr göstərən əməkdaşlar var, daxili çempionatlarımız keçirilir. Mən də həmin əməkdaşlar vasitəsilə bu idman növünü çoxdan tanıyırdım. Məhz XDMX-nin bu idman növünə və federasiyaya verdiyi töhfələr, dəstək səbəbindən federasiyanın İdarə Heyətində vitse-prezident səviyyəsində onun bir əməkdaşının təmsil olunma zərurəti yaranmışdı. Buna görə də həm xidmətdaxili müzakirələr zamanı, həm də federasiya tərəfindən təklifi nəzərə alaraq, bu vəzifəyə mənim gəlməyim təklif olundu. Mən də məmniniyyətlə təklifi qəbul etdim.
- Bu idman növünün hansı özəllikləri var?
- Səmti müəyyənetmə özlüyündə bir neçə bacarığı və fəaliyyəti cəmləyən unikal idman növüdür. Burada tanımadığınız ərazidə yalnız xəritə və kompasın köməkliyi ilə əvvəlcədən ora qoyulmuş məntəqələri qaçaraq tapmaq lazımdır. Bu da idmançıdan həm fiziki hazırlığın, həm də zehni fəaliyyətin yüksək səviyyədə olmasını tələb edir. Ona görə ki, bu idman növünün kökləri hərbi kəşfiyyata gedib çıxır. Hərbçilər də tapşırıqların yerinə yetirilməsi zamanı maksimum fiziki hazırlıqlı olmalı və xəritə ilə işləməyi bacarmalıdırlar. Heç də təsadüfi deyil ki, bu gün əksər güc strukturları, Müdafiə Nazirliyi, XDMX, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, digər strukturlar bizimlə əməkdaşlıq edir, yarışlarda iştirak edir və birgə təlimlər keçirilir. Hər şeydən öncə onu qeyd etməliyəm ki, səmti müəyyənetmə gənclərin vətənpərvər ruhunda yetişməsinə xidmət edən idman növüdür. Bu gün Azərbaycan torpaqlarının 20%-i işğal altındadır və münaqişənin hərbi yolla həlli heç də istisna olunmur. Ona görə də gənclərimizin hər bir gözlənilməz vəziyyətə həm fiziki, həm psixoloji hazırlığı baxımından bu idman növünün əvəzolunmaz təsiri var.
- Səmti Müəyyənetmə Federasiyası digər federasiyalar arasında lazımi mövqeyini tuta bilibmi?
- Səmti müəyyənetmə qeyri-olimpiya növü sayılır. Bu səbəbdən, dünya üzrə götürüldükdə, bu idman növünün cəlb etdiyi maliyyə resursları digər olimpiya növləri ilə müqayisədə azdır. Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası (International Orienteering Federation) bu növünün olimpiya növləri arasına salınması üçün müəyyən işlər görür və bizim federasiya ilə də sıx əməkdaşlıq edir.
Ölkəmizdə də vəziyyət bu qəbildən istisna deyil. Ancaq maraqlı orasındadır ki, biz az resurslara malik olmağımıza baxmayaraq, bir sıra böyük işlər görməyi bacarmışıq. Onu qeyd eləmək istəyirəm ki, hazırda ölkəmizdə artıq ənənəvi olaraq, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Beynəlxalq Heydər Əliyev Kuboku” keçirilir. Bu il artıq ardıcıl 6-cı il təşkil olunmuş yarışda dünyanın 10-dan artıq ölkəsindən idmançılar gəlib və yerli idmançılarla birlikdə 250-dək idmançı iştirak edib. Daha sonra hər il ölkə çempionatı təşkil olunur. Bundan əlavə, digər qurumlar və klubların birgə keçirilən açıq birinciliklərini nəzərə alsaq, ölkədə il ərzində 6-7 yarış təşkil olunur ki, bu da imkanlar və resurslarımızı nəzərə alsaq, heç də aşağı göstərici deyil.
- Federasiyanız hansı qurumlarla əməkdaşlıq edir?
- Artıq digər idman federasiyaları və dövlət qurumları ilə aramızda sıx əməkdaşlıq əlaqələri qurulub. Məsələn, yuxarıda qeyd etdiyim güc strukturlarından əlavə, Gənclər İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzi, Nazirlər Kabineti yanında Dövlət Dənizkənarı Bulvar İdarəsi və İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğu, Vergilər Nazirliyi ilə birgə layihələr həyata keçirmişik və hazırda sıx əməkdaşlıq edirik. Bütün bu nailiyyətlərə çatmağımızın və fəaliyyətin aparılmasının səbəbi bir tərəfdən də gənc kollektivin, öz işini və bu idmanı sevən fədakar komandanın, peşəkar kadrların, könüllülərin işi ilə əlaqədardır. Mən burada olan komandanın göstərdiyi əməyi yüksək qiymətləndirirəm və özüm də gənc komandanın tərkib hissəsi olduğuma görə qürur duyuram. Bütün bunlar Səmti Müəyyənetmə İdman Federasiyasının Azərbaycanın idman həyatında və digər idman federasiyaları ilə yanaşı, öz layiqli mövqeyini tutmasının sübutudur.
- Səmti müəyyənetmə yarışlarına qatılanların sayı nə qədərdir?
- Bizim yarışlara qatılanların əksəriyyətini gənclər təşkil edir və onların sayı ildən-ilə artır. Bu da universitetlərlə və gənclər təşkilatları ilə apardığımız işlə əlaqədardır. Öz yarışlarımızda müxtəlif illərdə Aviasiya Akademiyası, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Akademiyası, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Dövlət İqtisad Universiteti, Slavyan Universiteti və digər ali məktəblərdən komandalar iştirak ediblər. Bununla yanaşı, "İrəli" İctimai Birliyi kimi gənclər təşkilatları ilə sıx əməkdaşlıq edilir və birgə yarışlar təşkil olunur. Məsələn, builki yarışa idman klublarından "TT Fight Club” ilk dəfə geniş tərkiblə qatılıb. Bu da bizim gördüyümüz işlərin gənclərin müxtəlif təbəqələrini əhatə etməsindən xəbər verir. Ümumilikdə, ilboyu keçirilən bütün yarışları nəzərə alsaq, hər il 1000-dək iştirakçı federasiyamızın təşkil etdiyi və ya birgə təşkilatçısı olduğu yarışlara qatılırlar. Onu da qeyd edim ki, xarici iştirakçıların sayı da ildən-ilə artmaqdadır. Bu da ölkəmizdə son illər inkişaf etməkdə olan idman turizminin daha da geniş vüsət almasına töhfəsini verir.
- Bu idman növü daha çox təbiətlə bağlıdır və sırf sağlam həyat tərzini təbliğ edir. Gənclərə tövsiyələriniz nədir?
- Ölkə idmanındakı vəziyyəti necə qiymətləndirirsiniz?
- Sözsüz ki, ümummilli lider Heydər Əliyevin zamanında əsasını qoyduğu möhkəm təməl üzərinə bu gün Azərbaycan idmanı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində durmadan inkişaf edir və biz bunun nəticəsini hər gün görürük. Azərbaycanda həm çox güclü idmançıların yetişməsi üçün gözəl şərait yaradılır, həm də ölkəmiz dünya səviyyəli idman yarışlarının keçirildiyi arenaya çevrilib. Bu inkişafı görməmək mümkün deyil. Bütün bunlar bizdə böyük ruh yüksəkliyi yaradır və özümüz də federasiyanın işində Azərbaycandakı idmanın sürəti ilə ayaqlaşmağa çalışır, daha çox iş görməyə can atırıq. Əlbəttə, cənab Prezidentin bu sahədə verdiyi göstəriş və tapşırıqların layiqincə yerinə yetirilməsinə çalışırıq.
- "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə nə düşünürsünüz?
- İkinci dəfə keçirilən Avropa Oyunları Azərbaycan idmançılarının gücünü bir daha göstərdi. İdmançılarımız müxtəlif növlərdə kürsünün müxtəlif pillələrində yer almaqla Azərbaycan bayrağını göylərə ucaltdılar. Əlbəttə, bütün bunlar ölkədə həyata keçirilən məqsədyönlü idman siyasətinin bəhrəsidir. Bu gün Avropa Oyunları kimi tanınan idman yarışması ilk dəfə Azərbaycanda təşkil olunub. Artıq maraqlı hal yaranıb: elə il olmur ki, Azərbaycanda hansısa böyük idman tədbiri keçirilməsin. Hətta il ərzində bir neçə böyük miqyaslı idman tədbiri təşkil olunur. Bu yaxınlarda futbol üzrə Avropa Liqasının finalı və "Formula-1" üzrə Azərbaycan Qran-prisindən sonra başqa bir mötəbər idman tədbiri - Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaq. Bütün bu fəaliyyətlər, əlbəttə, həm idmançılarımızı ruhlandırır, həm də insanlarımızın qürur mənbəyinə çevrilir. İnanıram ki, həm Azərbaycan idmanı həm də federasiyamız gələcəkdə bundan da daha böyük uğurlara imza atacaq.