Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədovun "Facebook” səhifəsində məlumat verilib.
O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlət başçısının iştirak edəcəyini yazıb.
"Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması ilə bağlı olacaq”, - Əsədov yazıb.
O qeyd edib ki, Özbəkistanın ŞƏT-də sədrliyi dövründə əsas diqqət ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, sənaye əməkdaşlığının inkişafına, o cümlədən nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib.
ŞƏT sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahboz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistanın prezidenti Emoməli Rəhmonun da iştirak edəcəyi bildirilir.
Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux sammitdə müşahidəçi qismində iştirak edəcəklər.
ŞƏT sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.
Xəbər 295 dəfə oxunub.