XİN Makronun ittihamlarına cavab verdi; ekspertlərə görə, Paris Ermənistanı yeni fəlakətə sürükləyir
"21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
Bildirilib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fransanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk etmiş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir: "Bununla yanaşı, Almatı Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.
Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.
Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik".
Azər Badamov
Deputat Azər Badamov hesab edir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra Paşinyanın Fransaya getməsi gözlənilən idi: "Makron çalışırdı ki, növbəti görüş özünün iştirakı ilə təşkil olunsun. Amma Azərbaycan dövləti çox qəti şəkildə iradəsini nümayiş etdirərək Makronun iştirakı ilə görüşlərdən imtina etdiyini bildirmişdi. Paşinyan Münxenə səfərindən dərhal sonra Fransaya gedərək ağası Makrona keçirilmiş görüşlə bağlı hesabat verməli idi. Makronun Paşinyanı yanına çağırmasında əsas məqsədi Münxen görüşü ilə bağlı hesabatı dinləyib Paşinyana yeni təlimatlar verməli olduğunu hesab edirəm. Münxen görüşündə tərəflər danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırıblar. Ona görə də, Makron növbəti görüşlərdə Ermənistan özünü necə aparmalıdır tapşırıqlarını verir. Fransanın məqsədi regionda sabitliyin və sülhün yaranmasının əksinə getməkdir. Makron məhz bu yolla Ermənistanda möhkəmlənməyə çalışır. Ona görə də Paşinyanla görüşdə Ermənistanın təxribatına cavab verməkdə yenə Azərbaycanı ittiham edən məntiqsiz ifadələr işlədib. Makron elə hesab edir ki, Ermənistanın təxribatlarına necə cavab verməliyiksə, onunla məsləhətləşməliyik. Təbii ki, belə bir qərəzin nümayiş olunması gülməli və məntiqsizdir. Azərbaycan şərti sərhəddə möhkəmlənib və əsgərimizə qarşı törədilən hər bir təxribata cavabımız çox ağır olacaqdır. Bunu Ermənistan və onun ağası Makron hər zaman bilib növbəti təxribat planlarından yayınmalıdır”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Fransanın heç nəyə nail olmayacağına əmindir:"Fransanın Cənubi Qafqaz regionunda təhrikçi və destruktiv fəaliyyəti daha geniş xarakter alıb. Parisə dəfələrlə bu mövqeyindən çəkilməsi və qarşılıqlı hörmət inam, etibar əsasında münasibətlərin fayda verəcəyi barədə xəbərdarlıqlar edilməsinə baxmayaq, görünən odur ki, bundan müsbət nəticə çıxarılmayıb. Ritorika və yanaşma nəiniki dəyişməyib, doza bir qədər də artırılıb. 21 fevralda Paşinyanın Fransaya rəsmi səfəri zamanı keçirilən görüşlər və ən yüksək səviyyədə verilən bəyanatlardan aydın olur ki, Fransa regiona qızışdırıcılıqda, münaqişənin yenidən alovlandırılmasında maraqlıdır. Fransa prezidenti Makron açıq şəkildə bəyan etdi ki, ölkəsi bundan sonra da Ermənistanı müasir silahlarla təmin etməkdə davam edəcək və ermənilərin istisnasız olaraq müdafiəsində dayanacaq. Fransanın məqsədi Cənubi Qafqazda konfliktlər yaratmaqla bura nüfuz etmək, geostateji bölgənin nəzarət altına salınmasına nail olmaqdır. Xüsusən də bölgədə açar və həlledici rola sahib Azərbaycanı təsir altında saxlamaq, müstəqil xarici siyasətini məhdudlaşdırmaqdır. Baxın bir dövlətin baş naziri Paşinyan deyir ki, Rusiya bizim təhlükəsizliyimizi qoruya bilmir və bizə alternativ təhlükəsizlik çətiri lazımdır, bunu axtarmaqda da davam edirik. Özünü müstəqil və demokratik dövlət sayan Ermənistan öz təhlükəsizliyini özü qorumaq iqtidarında deyil və bunu kənarlarda axtarır. Belə bir vəziyyətdə Paris də bundan yararlamağa çalışır. Hesab edirəm ki, Ermənistanın Fransa tərəfindən silahlandırılması regionda müharibə riskini artırır və bu Ermənistan üçün böyük fəlakətlərə gətirib çıxarar. Rəsmi Paris regionda öz mənafelərini həyata keçirməkdə yanlış siyasət sərgiləyir. Odur ki, iflasa məhkumdur. Fikrimcə, Paris öz maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırmadan, qarşılıqlı hörmətə və etimada söykənmədən təzyiq və şantajla öz istəyinə nail ola bilməyəcək”.
Niyaməddin Orduxanlı
BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Fransanın bütün gücü ilə Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməyə cəhd etdiyini vurğuladı: "Fransa utanmadan özünü Ermənistanın himayədarı olduğunu göstərə-göstərə dirəşib ki, mən sizin aranızda vasitəçi olmaq istəyirəm. Əlbəttə, Ermənistanın özü də maraqlıdır ki, Fransa iştirak etsin. Ermənistan başa düşməlidir ki, ən çətin vəziyyətlərdə Fransa köməyə çata bilməyəcək. Necə ki, 30 il Rusiyaya arxayın olub, Azərbaycan torpaqlarını işğal altında saxladılar. Sonda ən çox zərbəni kim aldı? Təbii ki, Ermənistan. Baş vermiş hadisələrdən ermənilər ciddi nəticələr çıxartmalıdır. Böyük ölkələrin əlində istifadə olunmaqdan imtina etməlidir. Azərbaycan onsuz da öz torpaqlarını tam şəkildə işğaldan azad edib. Bundan sonra sülh şəraitində yaşamaq hər iki xalqın maraqlarına cavab verir. Ermənilər başa düşməlidir ki, Azərbaycan Ordusu çox güclüdür, istənilən zamanda qısa müddət ərzində İrəvana qədər gedib çıxa bilər. Hər hansı bir sərhəd pozuculuğu dərhal adekvat cavab verilməsinə gətirib çıxaracaq. Nikolun Makronla tez-tez görüşməsi sülhə hər hansı bir töhfə verməyəcək. Paris indiki vəziyyətdə sülhün əldə olunmasının əleyhinədir. Mümkün qədər prosesi uzatmaq niyyətindədir”.