Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyulun 21-də üç ev və həyətyanı sahəyə, 2 əkin sahəsinə, 6 partlayış yerinə baxış keçiriblər.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, iki partlamamış hərbi sursat aşkar edilib və 10800 kvadratmetr ərazi yoxlanılıb.
Həmin gün saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 17:26-da “102” Xidməti-Zəng mərkəzi sisteminə Tərtər rayonunun Şıxarx kəndində əkin sahəsində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Aparılan əməliyyat tədbirləri nəticəsində aşkarlanmış 152 millimetrlik partlamamış “OF-530” partlayış qəlpəli top mərmisi götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın ətrafında min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyulun 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 628 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1594 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 23 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.