Mayın 15-də növbəti iqtidar-müxalifət görüşü baş tutub. Prezident Administrasiyasının (PA) təşəbbüsü ilə keçirilən görüşdə iqtidarı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
Aktual.az xəbər verir ki, Modern.az görüşdə iştirak edən bir necə partiya sədrinin təəssüratlarını öyrənib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:
“Bu növbəti görüş idi. Birinci və ikinci görüşdə məsələlər daha əhatəli danışılmışdı. Bu görüşdə də yenə bütün məsələlər sadalandı. Yığışdıq, danışdıq və dağılışdıq”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev:
“Bütövlükdə təəssüratlarım müsbətdir. Bu gün hakimiyyəti təmsil edən prezidentin köməkçisi Əli Həsənov kifayət qədər konstruktiv mövqe nümayiş etdirdi. O, əvvəlcə görüşün ləngimə səbəbini, mövzunun seçilmə zərurətini, gələcək iş qaydamızı, eyni zamanda aparılan prosesin perspektivini dəyərləndirdi. Bundan sonra kifayət qədər işgüzar görüş keçdi. Mövqelər ifadə olundu. Görüşün əsas mövzusu I Avropa Oyunlarına siyasi partiyaların münasibəti idi. Amma Əli müəllim müzakirələrin dar çərçivədə keçməməsi üçün həm də hər bir təmsilçinin narahat edən digər cari mövzular haqda danışmaq şəraiti yaratdı. Hesab edirəm ki, gələcəkdə görüşlərin canlı və məhsuldar keçməsi üçün çox müsbət hal idi. Müzakirəyə çıxarılan mövzu ətrafında demək olar ki, görüşdə iştirak edən siyasi partiya rəhbərləri pozitiv mövqe nümayiş etdirdi”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə:
“Görüşlə bağlı təəssüratlarım müsbətdir. Demək olar ki, görüşün formatı əvvəlkilərlə eyni idi. Əlavə olaraq parlamentdə təmsil olunan 2-3 partiyanın sədri də görüşdə iştirak edirdi. Mən partiya sədri kimi bir necə gün öncə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə təkliflər paketi göndərmişdim. Bu təkliflərə seçki sisteminin təkmilləşməsi ilə bağlı məsələnin müzakirəsi, proporsional seçki sistemin bərpası, seçki komissiyalarının yenidən formalaşdırılması, siyasi partiyaların qərargahlarla təmin olunması, siyasi partiyaların maliyyələşməsi ilə bağlı “Siyasi partiyalar haqda” qanuna müvafiq düzəlişin edilməsi, beynəlxalq qurumlar tərəfindən ölkəyə edilən siyasi təzyiqlərin qarşısının alınması məqsədilə siyasi fəaliyyətinə görə həbs olunduğu deyilən şəxslərin cinayət işlərinə yenidən baxılması məsələsi daxildir. Bunlar kifayət qədər ciddi təkliflərdir. Amma bir görüşdə bütün məsələləri müzakirə etmək olmaz.
I Avropa Oyunları ilə əlaqədar görüşdə iştirak edən hər bir siyasi partiya rəhbəri buna dəstək verdi. Çünki bu dövlət səviyyəli tədbirdir. Bu tədbir Azərbaycanın maraqlarına uyğundur, Azərbaycanın aparıcı bir dövlət olduğunu işarə edəcək, Azərbaycanda idman komplekslərinin infrastrukturunun yaradılmasına şərait yaradacaq”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:
“Görüş həmişəki kimi əməkdaşlıq əhval-ruhiyyəsi fonunda keçdi. Baxmayaraq ki, görüşün əsas mövzusu I Avropa Oyunları və onun Azərbaycana olan əhəmiyyəti ilə bağlı idi. Amma görüşdə müxalifəti narahat edən ən müxtəlif məsələlər qaldırılıb hakimiyyətin diqqətinə çatdırıldı. Həmin məsələlər üçün hansı işlərin görülməsini arzuladığımızı da bildirdik. Hesab edirəm ki, bu görüşün özünün faktiki olaraq olması iqtidar-müxalifət arasında təmasların sürətli bir xarakter almasına dəlalət edir. Bu da Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir”.
Aktual.az