Parkomat fırıldağı, qəbz oğruları, evakuasiya təhlükəsi... – FOTO

Parkomat fırıldağı, qəbz oğruları, evakuasiya təhlükəsi...   – FOTO

Parkomat fırıldağı, qəbz oğruları, evakuasiya təhlükəsi... – FOTO

"Bir xeyli vaxt itirib, maşını cərimə meydançasından 40 manat ödəyərək, çıxartdım. İndi mənim günahım nədir?"

Bir müddət öncə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istifadəyə verilmiş parkomatlar Bakıdakı tıxac və parklama problemini tam həll edə bilməyib, əksinə, yeni problemlər yaratmağa başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan çoxsaylı şikayət məktublarından sonra qərara aldıq ki, məsələni araşdıraq. Şikayət edənlər əsasən Bakıda yaşayan sürücülərdir. Onların şikayət etmələrinə səbəb isə ödəniş etmələrinə rəğmən avtomobillərinin evakuasiya edilməsidir.

Daha dəqiq desək, ödəniş edilmiş müddət sona çatdıqdan sonra evakuasiya xidmətinin maşını ərazidən aparması sürücüləri qəzəbləndirib. Şikayətçilər bildirirlər ki, onlar ödənişdən boyun qaçırmırlar. Sadəcə istəmədən, müəyyən səbəblərdən vaxt bitənə kimi geri qayıda bilməyəndə maşını aparmaq düzgün deyil.

Məsələni daha dəqiq və dərindən araşdırmaq üçün musavat.com-un əməkdaşı Bakının bəzi ərazilərində müşahidə aparıb. Əvvəlcə sürücülər ilə danışan əməkdaşımıza şikayətlənən vətəndaşlar bunları deyiblər: "Keçən gün maşını saxladım, park yerində... Parkomata 1 saatlıq ödəniş edib, qəbzi şüşəsilənin altına keçirib, krediti ödəmək üçün banka getdim. Elə oldu ki, növbəyə düşdüm və bir saata geri qayıtmağım alınmadı. Həm park yerinə uzaq idim, həm də sıramı qaçıra bilməzdim. İki saat sonra geri qayıdanda gördüm ki, maşınım yoxdur. Nəzarətçi dedi ki, evakuasiya aparıb. Bir xeyli vaxt itirib, maşını cərimə meydançasından 40 manat ödəyərək, çıxartdım. İndi mənim günahım nədir? Belə şey olarmı? Biz sürücülər ödəniş etməkdən boyun qaçırmırıq. Lakin elə qayda qoysunlar ki, bir az məntiqli olsun. Toyuq damı güdənlər kimi, qəbzdəki saatı güdürlər ki, kimdə 20 dəqiqə gecikmə olsa, o maşını aparsınlar".

Sürücülərlə söhbətimizdən sonra parklanma ərazilərindən bir neçəsinə baş çəkdik. İlk getdiyimiz parklama ərazisində çalışan nəzarətçi məsələnin başqa tərəflərini danışdı: "Adam var ki, maşını saxlayır, ödənişini 2 saat üçün edir və gedir. Amma işi uzun çəkir. 3 saat sonra geri qayıdanda görür ki, avtomobili yoxdur və qəzəblənir. Hay-küy salır. Amma ödəniş edərkən aldığı qəbzin arxasını oxumur. Orada açıq-aşkar yazılıb ki, "Əgər nəqliyyat vasitəsinin dayanacaqda durma müddəti keçərsə, yaxud qəbz avtomobilin ön şüşəsinə qaydalara uyğun yapışdırılmazsa, nəqliyyat vasitəsi cərimə meydançasına aparılacaq və ya cərimə protokolu tərtib ediləcək". Ödənişin vaxtı keçərsə, mən bu barədə məlumat verməliyəm. Bu, mənim vəzifə borcumdur. Başqa cür də etmək olmur. Bəzən elə olub ki, sürücünün yerinə öz cibimdən pul ödəmişəm. Sürücü gəlib, qəbzi ona göstərib demişəm ki, "Maşın müddətdən artıq dayanacaqda qalıb. Evakuasiya aparmasın deyə sizin yerinizə ödəniş etdim. Zəhmət olmasa, o ödənişi verin". O, isə pulu verməyib. Mən ona yaxşılıq etdim, 40 manat cərimədən xilas etdim. Bunun əvəzində mənə "Sağ ol" demək yerinə, pulumu vermədi. Bu da mənə dərs olub. Həmin gündən sonra heç kimin yerinə ödəniş etmirəm".

Nəzarətçi deyir ki, bəzən sürücülər park ödənişini vermədən gedirlər. Hətta nəzarətçi bu sözləri bizə deyən zaman, sürücülərdən biri maşını saxlayıb, ödəniş etmədən getdi: "Özünüz də şahidi oldunuz. Gözümdən yayındı, ödəniş etmədən getdi. Maşını evakuasiya aparacaq, bu da gəlib, məndən hesab soracaq. Biz olmasaq, heç kim ödəniş etməz".

Nəzarətçi maşının ön şüşəsinə onun parkda dayanma vaxtını qeyd edir ki, sahibi geri qayıdanda ondan ödənişi düzgün istəyə bilsin.

Buradan uzaqlaşıb, başqa bir əraziyə yollanırıq. Nizami rayonu ərazisindəki bu park yerində çalışan nəzarətçi isə gecə parkinqçilərindən şikayət edir: "Biz axşam saat 22:00-a qədər işləyirik. Biz gedəndən sonra qanunsuz işləyən "Stayanşik"lər küçələrə tökülürlər. Hansı maşının ödəniş qəbzi bayırdadırsa, onu götürürlər. Özləri sürücülərdən pul yığırlar. Bəzən onları polislər tuturlar. Amma sayları 1-2 nəfər deyil, çoxdurlar. Belələri maşınlardan qəbzləri yığdıqları üçün sürücülərə ziyan dəyir. Çünki evakuasiya xidməti qəbzin olmadığını görür və maşını cərimə meydançasına aparır. Bu yolla da sürücü günahsız yerə cərimə edilir".

Məlumatlara görə, gecə saatlarında sürücülərin park ödənişi etdikləri qəbzləri ön şüşədən götürənlər balaca uşaqlardır. Onlar həmin qəbzləri yığıb, evakuasiya xidmətinə xəbər verirlər. Onlar da gəlib, maşını cərimə meydançasına aparırlar.

Sürücülər bu məsələdə daha diqqətli olsunlar. Qəbzləri avotomobillərinin bayırından deyil, içərindən ön şüşəyə yapışdırsınlar, bu zaman sürücülər bu kimi fırıldaqçıların qurbanına çevrilməyəcəklər.

Bundan başqa, sürücü qanunu bilirsə, cərimədən xilas ola bilər. O, parkomatın üzərində olan telefon nömrəsinə zəng vuraraq, avtomobilinin nömrə nişanını deyib, ödəniş etdiyinə dair sübut əldə edə bilər.

// Aktual.az

Xəbər 1651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR