Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Terrorçulardan ikisi hadisə yerində öldürülüb.
Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.
İlkin məlumatlara görə, ölənlərdən 112-si “Bataklan” teatrının konsert zalında ölüb.
Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.
Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.
Paris meriyasının məlumatına görə, terror aktları qurbanlarının 100-ü “Bataklan” teatrında, 40 nəfər isə paytaxtın müxtəlif bölgələrində öldürülüb.
Son məlumatlara əsasən, terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Fransa ordusunun 1,6 min hərbçisi Parisə yeridilib. Hazırda əməliyyat keçirilir.