Suriya ordusunun əsgərləri tarixi Palmira qalasının üzərində olan İŞİD bayrağını götürməyə müvəffəq olublar.
Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda RİA Novosti məlumat yayıb. Bayrağı qədim qaladan götürən hərbçilər daha sonra onu yandırıblar.
Amma Palmiraya Suriya bayrağı sancmaq cəhdləri uğursuz nəticələnib. Belə ki, İŞİD terrorçuları döyüşçülərə tank, zenit qurğuları və minometrlər vasitəsilə atəş endiriblər. Qalanın içinə daxil olmaq da hələ ki, mümkün deyil. Çünki Palmiranın mərkəzi girişi tamamilə dağıdılıb.
Qeyd edək ki, məşhur Palmira şəhərindəki döyüşlər bu gündən etibarən kəskin xarakter almağa başlayıb. Qanlı mübarizə aviabazadan təxminən 1 km aralıda gedir. "Səhra şahinləri"nin komandiri Əbu-Xəmzənin sözlərinə görə, şəhərdə qalan İŞİD-çilər geri çəkilməmək üçün yanğınlar törədirlər.