Pakistanın tanınmış jurnalisti Mehriban Əliyevadan yazdı

Pakistanın tanınmış jurnalisti Mehriban Əliyevadan yazdı

Pakistanın milyonlarla oxucusu olan nüfuzlu "Deyli Tayms" qəzetinin 25.08.2015-ci il tarixli buraxılışında, qəzetin İslamabad baş ofisinin rəhbəri, tanınmış jurnalist Dure Nəcəf Zaidinin "Hilal-e-Pakistan ordeninə layiq görülmüş Mehriban Əliyeva insanlığın xidmətində" adlı məqaləsi dərc edilib.

Aktual.az xəbər verir ki, “11.02.2015-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva Pakistanın "Hilal-e-Pakistan" ali ordeni ilə təltif edilmişdir. İlk dəfədir ki, xarici ölkənin birinci xanımı bu ali ordenə layiq görülmüşdir" sözləri ilə başlayan məqalədə Mehriban Əliyevanın tanınmış ziyalı ailəsində böyüdüyü, valideynlərindən insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi öyrəndiyi vurğulanıb.

Məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun rəhbəri kimi xeyriyyəçilik ilə məşğul olduğu, Azərbaycan mədəniyyətini dünyada təbliğ etdiyi qeyd olunub.

Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən birinin uşaq problemlərinin həlli olduğunu bildirən D.N. Zaidi Fond tərəfindən yüksək standartlara cavab verən Respublika Talassemiya Mərkəzinin, məktəblər və xəstəxanaların inşa olunduğunu, insulin və qanköçürmə proqramlarının həyata keçirildiyini qeyd edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edilib, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün proqramlarının həyata keçirildiyi bildirilib.

Məqalədə, həmçinin Mehriban Əliyevanın mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışılıb, onun dəstəyi ilə inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri, Niaqarada muğam günləri, Qəbələ festivalı, Vivaldi və Gerşvinin musiqi kompozisiyalarının ifaları, Strasburq kafedral kilsəsinin bərpası, Luvr muzeyində İslam incəsənət mərkəzinin təsis edilməsi və Versal sarayında təmir-bərpa işlərinin aparılması qeyd edilib.

Yazıda Mehriban xanım Əliyevanın 2004-cü ildə Azərbaycanın folkloru və musiqi irsinin inkişafında xidmətlərinə görə UNESCO-nun, 2006-cı ildə isə həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü vurğulanıb.

Pakistanlı jurnalist məqaləsində bütün dinlərin nümayəndələrinin ölkəmizdə mehriban şəraitdə yaşadığını bildirərək vurğulayıb ki, Azərbaycanın birinci xanımı dinlərarası dialoq mövzusunda keçirilmiş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır. Mehriban Əliyeva “Azərbaycan Tolerantlığın Evidir” proqramı çərçivəsində Azərbaycanda bir sıra müsəlman, katolik və ortodoks dini məbədlərin yenidən qurulması və bərpasının təşəbbüskarı, həmçinin icraçısı olub.

D.N. Zaidi Fondun diqqət mərkəzində olan idman sahəsinə də xüsusi yer ayırıb. Jurnalist vurğulayıb ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan xanım Mehriban Əliyevanın nüfuzu sahəsində 2003, 2004 və 2005-ci illərdə gimnastika üzrə dünya çempionatları Bakıda keçirilib. Yazıda Mehriban Əliyevanın cari ilin iyun ayında Azərbaycanda keçirilmiş Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi, bu tədbirin Azərbaycanın birinci xanımının idmanın inkişafına vermiş olduğu töhfələrin kulminasiyası olduğu qeyd edilib. Azərbaycana təşrif buyurmuş on minlərlə turist və idmançı bu tədbirin ən yüksək səviyyədə təşkil olunmasından heyranlıqla danışıblar.

Yazıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etdiyi, həmçinin mədəniyyət, təhsil və səhiyyənin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın Heydər Əliyev ali ordeni ilə təltif olunduğu bildirilib.

Pakistanlı jurnalist Azərbaycanın birinci xanımının Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Avroviziya-2012”nin Bakıda keçirilməsinə rəhbərlik etdiyini də yada salıb. Ölkəmizə gəlmiş on minlərlə xarici qonaq Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil olunmuş müsabiqədən çox razı qalıblar.

D.N. Zaidi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə baş vermiş zəlzələdən sonrakı dövrə təsadüf etdiyini qeyd edib. Bildirib ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra Pakistan dövlət rəsmilərinin təşəbbüsü və qərarı ilə məktəbə Mehriban Əliyevanın adı verilib.

Jurnalist 2012-2015-ci illərdə də Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün bölgələrində səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələrin icra edildiyini vurğulayıb. Edhi Home kimsəsizlər evlərində, Peşavər Akbar Care serebral iflic institutunda, Lakki Marvat uşaq və qadın hospitalında hepatit B virusuna qarşı peyvəndləmə, müayinələr və açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar olunub. Eyni zamanda, Həmzə xeyriyyə fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib, Xayber Paxtunkva Göz klinikasının yeni blokunun və gözləmə otaqlarının, həmçinin İslamabad Talasemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilib.

Məqalədə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2015-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyi, həmçinin Lakki Marvat bölgəsində və zəlzələdən zərər çəkmiş Bəlucistanda, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanıldığı bildirilib.

2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təhcizatı”, 2015-ci ildə isə Qucarxanda "20 Yanvar Şəhidlər su təhcizatı" layihələri həyata keçirilib ki, bunun nəticəsində ərazidə yaşayan on minlərlə insan içməli su ilə təmin olunub.

Jurnalist Mehriban Əliyevanın Pakistandakı fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət etdiyini, Pakistan xalqı və dövlətinin bunu yüksək qiymətləndirdiyini yazıb. Pakistan Prezidenti Məmnun Hüseynin Sərəncamı ilə Mehriban Əliyeva "Hilal-e-Pakistan" ordeni ilə təltif olunub. Bundan əlavə Azərbaycanın birinci xanımı 2012-ci ildə "2012-ci ilin qadını - Humanizm Simvolu", 2013-cü ildə isə "Şəhid Benazir Bhutto Qadın Mükəmməlliyi" mükafatları ilə təltif edilib.

Məqalənin sonunda qeyd olunub ki, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə Fransa, Serbiya, Rusiya, Kanada, Polşa, Küveyt, Dünya Səhiyyə Təşkilatının orden və medalları ilə təltif olunub.

 
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR