Azərbaycan prezidenti: “Azərbaycan və Pakistan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir”
“Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir”
“Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir”.
APA-nın məlumatına görə, bu barədə martın 11-də Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata açıqlamasında bəyan edib.
Azərbaycan prezidenti qeyd edib ki əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşayıblar: “Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir. Bu gün cənab prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik”.
Dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb: “Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir”.
Prezident İ. Əliyev pakistanlı həmkarı ilə iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdiyini bildirib: “Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək”.
Dövlət başçısı əməkdaşlığın mühüm hissəsinin humanitar sahəyə aid olduğunu qeyd edib: “Bu, mədəniyyət, elm, sosial sahələrdir. Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk. Azərbaycan və Pakistan bu istiqamətdə öz mühüm rolunu oynamağa davam edəcək”.