Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çobdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib.
O bildirib ki, KİV-də "Yeni Yasamal" MTK-nın rəhbəri Cahangir Alışovun barəsində dələduzluq faktı ilə bağlı yazılar çap olunub: "Biz həmin yazıları məhkəməyə təqdim etdik. Məhkəmədən xahiş etdik ki, hökm çıxarılan zaman bununla bağlı Cahangir Alışovun xarakterizə olunan məlumat kimi qeyd edilsin".
Vəsatət təmin edilib.
Daha sorna şahid qismində Cəfər Cəfərzadə ifadə verib. O, zərərçəkmiş C.Alışovun tanımadığı şəxsdən mənzil aldığını söyləyib: "Cahangir də həmin mənzili Akif və Nurxan müəllimə göstərib. Mənzilin əvəzində isə Cahangir Alışov həmin şəxsə "Karvansaray" Ticarət Mərkəzindən iki mağaza verib".
S.Rəsulov jurnalistlərə açıqlamasında qeyd edib ki, C.Alışov şahidin ifadəsini təsdiq edib: "Biz də onu xatırlatdıq ki, istintaq vaxtı 6 evi və bir yaşayış sahəsinin 3 ədədi 157 min manata satıb və həmin pula 130 kv ev alıb".
C.Alışov istintaqa verdiyi ifadəsini təkzib edib və şahidin dediklərini təsdiq etdiyini bildirib.
Daha sonra şahid qismində Təranə Əmircanova dindirilib. O, Akif Çovdarovun kürəkəninin bacısı olduğunu söyləyib: ""Yüksəliş Ç" şirkətindən dəyərini ödəməklə ev almışıq. Həmin mənzili qardaşım mənə göstərdi. Xoşuma gəldi, pulu qardaşıma verdim. Daha sonra firmadan Samir adlı şəxs gəldi və müqavilə imzalandı. İki gündən sonra ödəmə qəzbini də verdi. Evi Akif Çovdarovun hədə-qorxusu ilə deyil, öz istəyimizlə almışıq".
Akif Çovdarovun sürücüsü və dostu məhkəmədə ifadə verib
Günün ikinci yarısında davam edən iclasda MTN-nin keçmiş əməkdaşı Alı Nəbiyev şahid qismində dindirilib.
O, zərərçəkmiş C.Alışov və digər zərərçəkmiş şəxslərdən A.Çovdarovun adından pul almadığını və onların dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.
Daha sonra prosesdə şahid qismində A.Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev ifadə verib. Həmin şəxs də C.Alışovun dediklərini təkzib edərək onun yalan danışdığını bildirib: "Cahangir Alışov adıma ev rəsmiləşdirməyib. Onun belə deməsi düz deyil. Bununla bağlı müqavilə belə yoxdur".
Şahid qismində A.Çovdarovun dostu Adil Yaqubov ifadəsində qeyd edib ki, Masazırda yaradılan balıqçılıq təsərrüfatı generalın kürəkəni Rövşən Qasımova məxsus olub.
Proses fevralın 27-də davam etdiriləcək.
Xatırladaq ki, C.Alışov istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib.
Xəbər 593 dəfə oxunub.