Ramazan ayının isti yay günlərinə təsadüf etməsi oruc tutmağı bir az çətinləşdirir. Diyetoloqlar bu müqəddəs ayı rahat başa vurmaq üçün imsakda tox saxlayan qidalara üstünlük verməyi məsləhət görür.
Publika.az bu yazıda oxucular üçün orqanizmi uzun müddət tox saxlayan qidaların siyahısını hazırlayıb.
Metabolizm gecə zəifləyir. Bu isə o deməkdir ki, iftarda yeyilən yeməklər bədənin yağlanmasını artırır. Bu vəziyyətin qarşısını almaq üçün diyetoloqlar imsak vaxtı südlü şorbalar içməyi tövsiyə edir.
Qara çörək: Ağ çörək yerinə qara çörəyə üstünlük verin. Qara çörək insanı həm daha tox saxlayır, həm də B qrupu vitaminlərlə zəngindir.
Süd: Həm iftarda, həm də imsakda 1 stəkan süd içmək oruc tutan şəxslər üçün çox faydalıdır. Süd əhəmiyyətli kalsium və D vitamini mənbəyi olduğundan aclıq hissini yatıracaq.
Yumurta: Mütəxəssislər nəinki imsak vaxtı digər günlərdə də hər səhər bir yumurta yeməyi tövsiyə edir. Yumurta ən zəngin zülal mənbəyi olduğu üçün həm uzun müddət toxluq hissi yaradır, həm də bədənə enerji verir. Odur ki, imsak vaxtı hər səhər mütləq yumurta yeyin.
Meyvə: İmsakda mütləq bol meyvə yeyin. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, tərkibində triptofan amin turşusu olan meyvələr iştahanı azaladır. Banan, avokado, yulaf, yaşıl noxud, fıstıq, lobya və süd triptofan baxımından zəngin qidalar siyahısına daxildir. Qanda şəkərin miqdarının sürətli enməsi və qalxması da aclıq hissini yaradan vacib amillərdən biridir. Meyvələr isə təbii şəkər mənbəyidir. İmsakda 2-3 porsiya meyvə yemək sizi gün ərzində rahatlaşdıracaq. Bundan başqa, imsakda göyərtini də unutmaq olmaz. Çünki onlardakı vitamin-mineral bədənin tələbatını ödəməsi baxımından əhəmiyyətlidir.
Qoz: Çox sağlam və qidalandırıcı xüsusiyyətə malik qoz oruc tutan insanlar üçün çox faydalıdır və oruc tutmağı asanlaşdırır. Qozun tərkibi antioksidantlar və E vitamini ilə zəngindir. Mütəxəssislər gündə 4-5 ədəd qoz yeməyin faydalı olduğu və insanı gəncləşdirdiyini qeyd edir. Həm enerji verən, həm də tox saxlayan qozu imsak vaxtı yemək məsləhətdir. Qozu mürəbbə, şokolad yağı və digər şirniyyatların içinə əlavə edib yemək də güclü təsir edir.
Darçın: Bu ədviyyat üzərində aparılan araşdırmalarda məlum olub ki, bir çimdik darçın insulinin qalxmasını əngəlləyib, aclıq hissini öldürür. Ramazan ayında qanda şəkərin miqdarını normaya salmaq, xolesterin səviyyəsini azaltmaq üçün sistemli olaraq hər gün bir çay qaşığı qədər darçın istifadə edin.
Ağartı məhsulları: İmsakda ən az 60 qram pendir yeyilməlidir. Kefir isə eyni ilə qatıq kimi həzmi yaxşılaşdırır. Onların tərkibindəki probiyotik maddə bağırsaqdan yaxşı bakteriyaların artmasına köməkçi olar, zərərli bakteriyaların yerləşməsinin isə qarşısını alır.
Qaraçörəkotu: Qaraçörəkotu da uzun müddət toxluq hissi yaradan, halsızlığı aradan qaldıran faydalı bitkilər siyahısına daxildir. İmsak vaxtı şor pendir, qatıq və ya salatlara bir çimdik çörəkotu əlavə etməyi unutmayın.
Yaşıl çay: Yaşıl çay yorğunluğu aradan qaldırır və sinirlərə müsbət təsir göstərir. Yaşıl çay istehlakı ürək üçün də xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, gündə 2-3 fincan yaşıl çay için.
Su: Hər bir insan gün ərzində 2 litr su içməlidir. Ramazan ayının isti günlərə düşməsi ilə oruc tutanlar orucdan əvvəl və sonra daha çox maye qəbul etməlidir. Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır. Məsələn, mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti üçün, bağırsaqlarda gedən sorulma prosesini katalizə eləmək və s. üçün mütləq maye qəbul olunmalıdır. Yayda tər vasitəsilə çoxlu maye itirdiyinə görə, qanda qatılaşma gedir. Nəticədə xoşagəlməz hallar baş verə bilər. Odur ki, imsakda, eləcə də iftarda çoxlu su içməyə çalışın. Onu da qeyd edək ki, isti günlərdə oruc tutan adamlar ağır, fiziki işlərdən çəkinməli, sərin yerlərdə işləməlidirlər.
Oruc vaxtı ağız tez-tez quruyursa yaxşı olar ki, səhər imsakda limonlu çay içəsiniz. Xüsusi ilə günün ikinci yarısında başağrılarının daha çox olması normal haldır. Çünki günorta saatlarından sonra artıq bədənin enerji ehtiyatı tükənir. Əgər başağrısı daha çox dözülməz olarsa, onda təzyiq yoxlanılmalı, əgər normadan çox aşağı düşürsə, səhər ac qarına 1 xörək qaşığı balı bir stəkan su ilə qarışdırıb için. Bunu axşam da təkrar etmək olar. Əgər oruclu vaxtı ağzınız acı olursa, onda səhər solmazçiçəyi dəmləməsi için, iftarı isə kök, kələm, zeytun yağlı salatlarla açın, ət yeməklərini bir saatdan sonra yeyin.
Xəbər 1104 dəfə oxunub.